Accessibility links

Azərbaycan Xalq Cəbhəsi partiyası Prezident Aparatının qarşısında piket keçirməyə cəhd edib


Azərbaycan Xalq Cəbhəsi partiyasının onlarla fəalı «Azad mətbuatdan əlini çək!» şüarı ilə Prezident Aparatı qarşısında piket keçirməyə cəhd edib. Nümayişçilər metronun «Bakı Soveti» stansiyasından bir neçə dəfə yürüşlə Prezident Aparatına doğru səmt götürməyə çalışsa da polis qüvvələri onların qarşısını alıb, metro stansiyasmının daxilinə sıxışdırıb. Etirazçılar isə cəhdlərini stanisiyanın daxilində və eksalotor boyu davam etdirib. Polislə qarşıdurma nəticəsində bir nəfər xəsarət alıb, iyirmiyədək etirazçı saxlanıb. Jurnalistlərin eyni şüarla keçirdiyi aclıq aksiyası isə 8 gündür davam edir. Bu gün "Azadlıq" qəzetinin redaktoru Qənimət Zahidin səhhəti kəskin pisləşib. Onun arterial qan təzyiqi aşağı düşüb, özü isə olduqca zəifləyib. Cənab Zahidov artıq 8 gündür aclıq edir. Hüquq müdafiəçiləri Rəna və Murad Sadəddinovlardan sonra, bu gün "Milli Büdcə Sistemi" təşkilatının rəhbəri Məhəmməd Talıblı ,"Futbol plyus" qəzetinin təsisçisi Vüqar Məmmədov və «Neftçilərin Hüquqlarını Müdafiə» Cəmiyyətinin sədri Mirvari Qəhrəmanlı aclıq aksiyasına qoşulub. Çoxsaylı ziyalı və ictimai xadim isə «Azərbaycanda mətbuat azadlığının təqib edilməsi» mövzusunda dəyirmi masa keçirib. Forum iştirakçıları qeyd edib ki, "Azadlıq" qəzetini, Turan agentliyini və digər KİV-ləri yerləşdikləri binadan çıxarmaq cəhdləri hakimiyyətin məqsədyönlü siyasətinin nəticəsidir. Ziyalıların xalqa müraciətində deyilir ki, "Azadlıq" qəzetinə edilən hücümlar "hakimiyyətin söz azadlığına qarşı repressiyalarının" kuliminasiyasıdır. «Əgər hakimiyyət Azərbaycanda söz azadlığını tamamilə boğa bilsə, ölkə ötən əsrin represiya illərinə qayıdacaq. Biz söz azadlığının məhdudlaşdırılması cəhdlərini pisləyir, hakimiyyətdən buna son qoymağı və demokratiyanın başlıca normalarının təmin edilməsinə dair Avropa Şurası qarşısında götürdüyü bütün öhdəlikləri yerinə yetirməyi tələb edirik".
XS
SM
MD
LG