Accessibility links

Azərbaycan Qadın Zorakılığı Əleyhinə Müdafiə Komitəsi təsis edilib


Azərbaycan Qadın Zorakılığı Əleyhinə Müdafiə Komitəsi təsis edilib. Komitəyə "Qadın Profilaktika və Məsləhət" Mərkəzi, "Siyasi Plüralizm" İnstitutu, "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi, "Lex Consult" Hüquq şirkəti və müstəqil ekspert-psixoloq daxildir.
"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, komitə fəaliyyətində şəxsi və ictimai həyatda qadına qarşı hədə-qorxu gəlmə, məcbur etmə, istənilən azadlıqdan məhrumetmə, fiziki, psixoloji, cinsi, iqtisadi, sosial, siyasi zorakılıqlara qarşı mübarizə aparacaq.

Onun sözlərinə görə, son zamanlar Azərbaycanda qadına qarşı zorakılıqlar artmaqdadır.

"Siyasi Plüralizm" İnstitutunun direktoru Sevil Həmidova hesab edir ki, ölkədə qadınlara qarşı siyasi zorakılıq var. Qadınların dövlətin, hökumətin idarə edilməsində iştirakı çox azdır. Seçkili orqanların fəaliyyətində qadınların iştirakı yüksək deyil.

"Qadın Profilaktika və Məsləhət" Cəmiyyətinin sədri Fəridə Əsgərovanın fikrincə, qadınlarla bağlı qanunvericilik mükəmməl deyil. Bir sıra qanunlarda zorakılıqlarla bağlı boşluqlar mövcuddur. Milli Məclis bu yaxınlarda "Məişət zorakılığına qarşı mübarizə haqqında", "Reproduktiv sağlamlıq haqqında" qanun layihələrini milli mentalitetə zidd olduğunu iddia edərək, parlamentin müzakirəsindən çıxarıb.

"Lex Consult" Hüquq şirkətinin direktoru Ruslan Vəliyev bildirib ki, Azərbaycanda qadına qarşı siyasi, iqtisadi, sosial, məişət, seksual, fiziki və psixoloji zorakılıq mövcuddur. Bunun qarşılığında isə qanunda yalnız fiziki zorakılıqla bağlı cəza nəzərdə tutulub. Qadına qarşı zorakılığın aradan qaldırılması üçün ilk növbədə təkmil qanunvericilik olmalıdır.

Komitə həmçinin regionda qadınlara qarşı zorakılıq hadisələrini öyrənəcək, monitorinqlər, sorğular keçirəcək, maarifləndirmə işləri ilə məşğul olacaq. Xanım Zeynalova bildirib ki, yeni qurum regionda qadın hüquqlarının vəziyyəti ilə bağlı hökumətlərə və beynəlxalq təşkilatlara hesabatlar da hazırlayacaq.


XS
SM
MD
LG