Azərbaycanın müxalifətdə olan “Azadlıq” siyasi blokuna daxil olan “Xalq Cəbhəsi”, “Vətəndaş və İnkişaf”, “Liberal” partiyaları, “Milli Birlik” Hərəkatı və “Müsavat”, “Ümid” partiyaları, “Azərbaycan Naminə” İctimai Forum, ziyalılar, bir qrup qeyri-hökumət təşkilatı “Qarabağ və Respublika Uğrunda” Vətəndaş Hərəkatının yaradıldığını bəyan edib.
Hərəkat konstitusiyaya düzəlişlərlə bağlı martın 18-də keçiriləcək referendumun əleyhinə təşviqat aparacaq. Vətəndaş cəmiyyəti və siyasi partiyalar Konstitusiyada eyni şəxsin ardıcıl olaraq 2 dəfədən artıq prezident seçilməsi məhdudiyyətinin ləğvi əleyhinə olduqlarını birgə ifadə edib.
“Milli Birlik” Hərəkatının lideri Lalə Şövkət “Amerikanın səsi” radiosuna bildirib ki, çoxsaylı partiya və cəmiyyətlər seçicilərin referendumun əleyhinə çıxması üçün birgə tədbirlər həyata keçirəcək.
Hərəkatın əlaqələndiricisi, hüquq müdafiəçisi Leyla Yunus hərəkatın ziyalılar və ictimai-siyasi təşkilatlar üçün açıq olduğunu deyib. Onun sözlərinə görə, hərəkat üzvləri tez zamanda referendumun əleyhinə təbliğat aparmaq məqsədilə təşviqat qrupları yaradacaq.
AXCP sədri Əli Kərimli bildirib ki,
demokratik qüvvələrin birliyi ilk növbədə hakimiyyətin aqressiv siyasətinin
qarşısının alınmasına səbəb olacaq və insanlarda sabaha ümid yaradacaq.
Cənab Kərimli hazırkı referendumu 1991-ci ildə SSRİ-nin varlığını dəstəkləyən referendumla müqayisə edib və həmin referendumun SSRİ-nin dağılmasına apardığını xatırladıb.
“Demokrat” partiyasının sədri Sərdar
Cəlaloğlu hesab edir ki, Dağlıq Qarabağ
münaqişəsində hakimiyyət referendum oyunundan istifadə etmək fikrindədir. Bu
səbəbdən də beynəlxalq birlik susur.
“Ümid” partiyasının sədri İqbal Ağazadənin
dediyinə görə, konstitusiyaya prezidentə Azərbaycan qanunvericiliyi ilə uyğun
gəlməyən sənədlərə imza atmaq hüququ verən müddəanın salınmasına yol vermək
olmaz. Çünki Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Madrid prinsipi
Azərbaycan konstitusiyasına ziddir.
Çıxış edənlərin hamısı xarici radioların yerli tezliklərdə yayımının dayandırılmasını da kəskin pisləyib. Onlar bunu rejimin artıq azad dünya ilə hesablaşmaması və qərb dövlətlərinin Azərbaycan hakimiyyətinin demokratiya əleyhinə siyasətinə göz yumması ilə əlaqələndirib. “Müsavat” başqanı İsa Qəmbər radioların yayımının dayandırılmasının Azərbaycan hakimiyyətinin azad dünyaya “hədiyyəsi” adlandırıb. O referendumu da hakimiyyətin xalqa mürtəce hədiyyəsi kimi xarakterizə edib.
Öz növbəsində, iqtidar “Qarabağ və Respublika Uğrunda” Hərəkatı qəbul etmir. “Yeni Azərbaycan” partiyasının icra katibinin müavini Mübariz Qurbanlı hesab edir ki, bu təşəbbüs müxalifətin varlığını sübut etmək üçün bir şoudur.
Onu da qeyd edim ki, hərəkat yaratmaq uğrunda
müzakirələr gərgin şəraitdə keçib. Debatlar zamanı fikir ayrılıqları da
yaranıb. “Müsavat” partiyası sıx əməkdaşlıq şərti ilə bir neçə təşviqat qrupu
yaratmağı təklif edib. “Azadlıq” bloku
isə vahid təşviqat qrupu yaratmağı lazım bilib.