Accessibility links

Xəzərlə bağlı münasibətlərdə yeni situasiya yaranıb 


Azərbaycan prezidenti İlham Əliyevin sentyabrın 11-də Qazaxıstanın Aktau şəhərinə səfəri qısa müddətli olub.
Turan Agentliyinin məlumatına görə, ölkə başçısı Xəzərin şərq sahilində iki saatdan az qalıb. Belə ki, İlham Əliyev yalnız Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin qeyri-formal görüşündə iştirak edib və Bakıya qayıdıb. Beləliklə, İlham Əliyev liderlərin görüşünün Qazaxıstanın Kenderli şəhərində keçirilən ikinci hissəsində iştirak etməyib.
Agentlik bildirir ki, həmçinin cənab Əliyevin Rusiya prezidentinin köməkçisi Sergey Prixodkonun əvvəlcədən məlumat verdiyi kimi prezident Medvedevlə də görüşü olmayıb. Nəhayət, Əliyev Türkmənistana getməkdən və Kazan - Aşqabad marşrutu ilə keçirilən “İpək yolu-2009” beynəlxalq ralli tədbirində iştirak etməyib. Bu tədbirə dövlət başçısı iki həftə əvvəl ona şəxsən zəng edən Türkmənstan prezidenti tərəfindən dəvət edilib.
Politoloq Rasim Musabəyov “Amerikanın səsi” radiosuna müsahibəsində Qazaxstan səfərinin qısa müddətli olmasının, Azərbaycan prezidentinin Türkmənistana səfər etməməsinin Xəzərin hüquqi statusu və Türkmənistanla-Azərbaycan arasında Xəzərdəki Kəpəz yatağı ilə
bağlı fikri ayrılığının qaldığından xəbər verdiyini bildirib. Onun fikrincə, hazırda Xəzəryanı dövlətlər normal siyasi mübarizə aparır. “Dövlətlər arasında hərbi hədlər və bu barədə bəyanatlar mövcud deyil. Bu isə problemlərin olmasına baxmayaraq normal diplomatik danışıqların olmasından xəbər verir”.
Politoloq hesab edir ki, Nabucco layihəsi ilə bağlı maraqlı dövlətlər məşğul olmalıdır. “Azərbaycan kəməri dəstəklədiyini bildirib. Ancaq bu Azərbaycanın kəmər layihəsində iştirakı demək deyildir. Azərbaycan tranzit dövlət ola bilər və öz qazını bu layihə çərçivəsində sata bilər”, - deyə o qeyd edib.

XS
SM
MD
LG