Son 5 ildə 766 min yeni iş yeri açılıb, onlardan 548 mini daimidir. 2008-ci ildə 120 mindən çox yeni iş yeri yaradılıb. Bu barədə prezident İlham Əliyev Nazirlər Kabinetinin 2008-ci ildə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasında bildirib.
Dövlət başçısı Azərbaycan özünün enerji təhlükəsizliyini tam təmin etdiyini deyib. Onun fikrincə, ölkə həm də dünya üçün etibarlı tərəfdaşa çevrilib. “İndi Azərbaycanın neft və qazını dünya bazarına çıxaran 7 kəmər var və onların hamısı işləyir”.
O Azərbaycanın qaz ixrac edən ölkəyə çevrildiyinə də diqqət çəkib. “Ölkə daxilində qazlaşdırma 85 faizə çatdırılıb. 2009-cu ildə Azərbaycan qazının nəqli ilə bağlı tranzit sazişinin imzalanacağı təqdirdə, Yunanıstan və Bolqarıstana qaz ixrac olunacaq. Hazırda Azərbaycanın qaz ehtiyatlarının minimum həcmi 2 trilyon kubmetr təşkil edir”.
Prezident 2008-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində
Azərbaycanın mövqelərinin daha da gücləndiyini vurğulayıb. “BMT Baş Məclisində
Azərbaycanın mövqeyini dəstəkləyən qətnamənin qəbulunu ölkəmizin siyasi və
diplomatik uğuru, Azərbaycan və Ermənistan prezidentlərinin imzaladıqları
Moskva bəyannaməsini bunun davamı kimi qiymətləndirirəm. Bəyannamədə əksini
tapan müddəalar ölkəmizin mövqeyini tam əks etdirir və münaqişənin beynəlxalq
hüquq normaları əsasında həllini hədəfləyir”.