Accessibility links

Enn Dersi: Dağlıq Qarabağ münaqişəsinin həlli Amerika üçün ən böyük prioritet məsələdir


Amerikanın Azərbaycandakı səfiri Enn Dersinin Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb. O “Amerikanın səsi” radiosuna 3 illik fəaliyyətini əhatə edən müsahibə verib. Müsahibə Azərbaycan -Amerika münasibətləri, enerji əməkdaşlığı, demokratik təsisatlar, söz və mətbuat azadlığı, hərbi, iqtisadi əməkdaşlıq, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı məsələləri əhatə edir.
Sual: Azərbaycanda diplomatik fəaliyyətiniz başa çatıb. Diplomatik fəaliyyətiniz nə ilə xarakterik olub?
Cavab: Azərbaycanda səfirlik etdiyim 3 il həm peşəkar, həm də şəxsi nöqteyi - nəzərdən həyatımda çox böyük maraq kəsb edib. Azərbaycan çox vacib bir dövlətdir. Bu ölkə ABŞ, Avropa və ümumiyyətlə bütün dünya üçün böyük əhəmiyyət kəsb edir. Bu Azərbaycanın coğrafi nöqteyi-nəzərdən dünyanın strateji nöqtəsində yerləşməsidir. Eyni zamanda, Azərbaycanın çox əhəmiyyətli enerji ehtiyatları var. Bununla yanaşı, Azərbaycanın bölgədə lider və demokratik dövlət kimi inkişafı üçün böyük bir potensialı var.
Sual: Səfirliyiniz dövründə Azərbaycan - ABŞ münasibətlərində pozitiv və mənfi cəhətlər nədən ibarət olub?
Cavab: Səfirliyim dövründə Amerika və Azərbaycan arasında münasibətlərin inkişafı müsbət olub.Biz Azərbaycanla əməkdaşlıq edirik. Əməkdaşlıq və tərəfdaşlığımız bilavasitə enerji layihələrindən başlanıb. Lakin illər boyu ABŞ Azərbaycanla müxtəlif digər tərəfdaşlıq və əməkdaşlıq sahələrində uğurlar qazanıb. Enerji sahəsində 2006-cı ildə anlaşma memorandumuna imza atmışıq və bununla yanaşı, təhsil sahəsində də memorandum imzalamışıq. Azərbaycanla Amerika arasında iqtisadi əməkdaşlıq sahəsində komissiya yaradılıb. Azərbaycan ABŞ-ın ümumiləşdirilmiş preferiyalar siyahısına salınıb.
Azərbaycan və ABŞ hərbi sahədə də əməkdaşlıq və tərəfdaşlıq həyata keçirib. Bu isə Amerikanın Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq planı çərçivəsində prosesə təkan verən yardımlarını əhatə edib. Eyni zamanda, Azərbaycanın dəniz sərhədlərinin gücləndirilməsi və qorunması sahəsində gördüyü işlərə yardım və təkan vermişik. Bu istiqamətdə işçi planı hazırlanıb. Həmin planda əks olunanlar bilavasitə Azərbaycanın NATO ilə imzaladığı Fərdi Tərəfdaşlıq planında əks olunan məqamlara uyğun gəlir. Eyni zamanda, “hərbidən - hərbiyə” və “hərbiçilər arasında” - iki dövlətin hərbi qüvvələrinin əməkdaşlıq və tərəfdaşlığını gücləndirmişik. Bunun sahəsində ilkin olaraq Amerika və Azərbaycan hərbçiləri birgə təlimlər keçirib.
Digər sahələrdə də Azərbaycanla birgə fəaliyyət göstərmişik. Bunlar Azərbaycanın müasir, demokratik, bazar iqtisadiyyatına yönələn bir dövlət kimi inkişafı məqsədi daşıyır. Həmçinin Azərbaycanın Ümumdünya Ticarət Təşkilatının üzvü olması üçün qanunvericiliyə və tənzimləmə mexanizmlərinə aid olan işlərlə Azərbaycanla birgə işləmişik. Azərbaycanın daxilində çox güclü demokratik iqlimin və demokratiyanın inkişafı sahəsində də birgə fəaliyyət göstəririk. Bu fəaliyyətlərin sırasında güclü və fəaliyyət göstərən təsisatların yaradılması və inkişafı durur. Bu sıraya media, güclü vətəndaş cəmiyyəti və hüquq-məhkəmə sistemi daxildir. Fəaliyyətləri həyata keçirən zaman çoxsaylı çağırışlarla da üzləşirik və bu çağırışlar hazırda da mövcuddur. Buna baxmayaraq Azərbaycanın demokratik təsisatlarının yaradılmasında və Azərbaycanın güclü demokratik lider dövlət kimi inkişafında öz səylərimizi əsirgəməyəcəyik.
Sual: Səfirliyiniz dövründə Azərbaycanda insan haqları və mətbuat azadlığı ilə bağlı çoxsaylı faktlar da qeydə alınıb. Hələ də bir neçə jurnalist həbsdədir. Bununla bağlı, Azərbaycana hökumətinə sözünüz varmı?
Cavab: Bütün azərbaycanlılara üz tutaraq demək istərdim ki, ABŞ-ın ən yaxşı tərəfdaşları, ən böyük uğur və nailiyyətlərə imza atan dövlətlər stabil tərzdə inkişaf edən ölkələrdir. Demokratiyanın əyani təzahürlərindən biri insanların öz hökumətlərini seçim hüququna malik olması və hökumətin insanların marağını əks etdirməsindən ibarətdir. Hökumət öz idarəçiliyini konsensus yolu ilə həyata keçirir. Əlavə edim ki, hər bir dövlət öz gələcəyini müəyyənləşdirir. Hər hansı dövlət digər dövlətə idarəçilik üsulunu idxal edə bilməz. Demokratiyanın inkişafı, insan haqlarının qorunması, insanlar qarşısında məsuliyyət daşıyan və məsuliyyətə cavabdeh olan hökumət güclü demokratiyanın əsasını yaradır. Müstəqil fəaliyyət göstərən media, müstəqil olan parlament və müstəqil olan hüquq-məhkəmə sistemi demokratiyanın inkişafı üçün zəruri elementlərdir. Demokratik inkişafa nail olunması vaxt tələb edən məsələdir. Biz bununla razıyıq. Hətta ABŞ-da 200 il keçməsinə baxmayaraq, biz özümüzün demokratiyamızı daimi yeniləşdirir və təkmilləşdiririk. Başa düşürük ki, vaxt tələb olunur. Lakin əsas odur ki, başladığın yoldan geri dönməyəsən və bu istiqamətdə irəliləyişə nail olasan. Demokratiyaya, demokratik inkişafa dəstək vermək, insan haqlarına ehtiramla yanaşmaq məsələləri bilavasitə ABŞ-ın bütün administrasiyalarının xarici siyasətinin ayrılmaz hissəsi olub. Eyni zamanda da dünyadakı digər dövlətlərlə ikitərəfli münasibətlərin əsasını təşkil edib.
Sual: Səfirliyinizin başa çatdığı bir dövrdə Amerika prezidenti Moskvada Rusiya prezidenti ilə görüşəcək. Danışıqlar öncəsi Rusiya prezidenti Azərbaycana da səfər edib. Amerika-Rusiya danışıqlarında isə Azərbaycana aid azı iki məsələ - Qəbələ RLS və Ermənistan-Azərbaycan münaqişəsi, o cümlədən İranla balı məsələnin söhbət mövzusu olacağı gözlənilir. Bu məsələlərlə bağlı Azərbaycanın fəaliyyəti Sizə necə təsir bağışlayır?
Cavab: Prezident Obama və prezident Medvedyevin müzakirə edəcəyi məsələlərin təfərrüatları barədə məlumatın yoxdur. Düşünürəm ki, sadaladığınız məsələlərin Azərbaycana aidiyyəti var. Azərbaycan Rusiya və İranla qonşudur. Eyni zamanda ,Raketlər Əleyhinə Müdafiə Sistemləri yaradılması sahəsində də Azərbaycanın coğrafi mövqeyi elə yerdədir ki, bunun da Azərbaycana aidiyyəti olacaq. Qəbələ RLS-dən birgə istifadə məsələsində də Azərbaycanın öz mövqeyi olacaq. Lakin hər zaman bir məqamı çox qabarıq şəkildə vurğulayıram ki, istənilən halda Rusiya və ABŞ arasında Qəbələ RLS-lə bağlı istənilən mövzuda, istənilən müzakirələr həyata keçiriləcəksə, bu mütləq qaydada Azərbaycanla müzakirə olunacaq və Azərbaycanla razılıqlı şəkildə danışılacaq. Məhz ona görə ki, Qəbələ RLS Azərbaycana məxsusdur.
Dağlıq Qarabağ münaqişəsinin həlli olunması məsələsi ABŞ üçün ən böyük prioritet məsələ kimi gündəmdə durur. Prezident Obama fəaliyyətə başlayandan sonra prezident Əliyevlə telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll olunması istiqamətində ABŞ-ın niyyətini yenidən vurğulayıb. Eyni zamanda, ABŞ dövlət katibi Hillari Klinton prezident Əliyevlə telefon danışığında münaqişənin dinc həllinin tapılması istiqamətində öz niyyətini qeyd edib.
Sual: Amerika Azərbaycan hökumətinə “Amerikanın səsi” və “Azadlıq” radiosunun yerli FM tezliyində verilişlərinin bərpası ilə bağlı hökumətlərarası Saziş layihəsi təqdim edilib. Bu Saziş layihəsinə Azərbaycan hökuməti hələ də cavab verməyib. Bununla bağlı fikirliniz necədir?
Cavab: Azərbaycan hökumətinin bizim təkliflərə niyə cavab verməməsi ilə bağlı sualı düşünürəm ki, Azərbaycan hökumətinə ünvanlamaq lazımdır. O ki, qaldı məsələnin necə cərəyan etməsinə, biz belə başa düşürük ki, radioların fəaliyyəti sırf olaraq hüquqi və texniki bir məsələdir. Bu məsələ dövlətlərarası Sazişin imzalanması ilə həllini tapa bilər. Biz bu saziş layihəsinin ilkin versiyasını Azərbaycan hökuməti ilə artıq paylaşmışıq, onlardan vaxt istəmişik, müzakirələr aparmışıq. Hazırda isə göndərdiyimiz təkliflərə Azərbaycan hökumətindən cavab gözləyirik.
Çox qısa olaraq Amerikanın media azadlığına dair fikrini yenidən vurğulamaq istəyirəm. Biz belə başa düşürük ki, güclü tərzdə fəaliyyət göstərən, etik qaydalara riayət edən, peşəkar və müstəqil media həqiqi demokratiyanın tərkib hissəsidir. Belə tərzdə fəaliyyət göstərən media vətəndaşların öz hüquqlarından istifadə etməsi üçün lazımi məlumatların çatdırılmasında və hökumətin insanlar qarşısında cavabdeh olması sahəsində mühüm rol oynayır. Azad media olmayan yerdə həqiqi azadlıq mövcud ola bilməz. Ona görə də biz güclü demokratiyanın ayrılmaz hissəsi olan Azərbaycandakı güclü medianın inkişafı sahəsində səylərimizi və dəstəyimizi davam etdirəcəyik.

XS
SM
MD
LG