Accessibility links

Azərbaycan qeyri hökumət təşkilatları qanuna ediləcək dəyişiklikdən narahatdır



Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komitəsinin sədri Əli Hüseynov “Qeyri-hökumət təşkilatları, ictimai birliklər və fondlar haqqında” qanuna gözlənilən dəyişikliklər və əlavələrlə bağlı “Amerikanın səsi” radiosuna müsahibə verib.
Ekspertlər hesab edir ki, qanuna ediləcək dəyişiklik və əlavələr qeyri-hökumət təşkilatlarının (QHT), dini qurumların, icmaların fəaliyyəti məhdudlaşdıracaq. Yeni sənəddə xüsusilə beynəlxalq donorlarla əlaqələrin aradan qaldırılır və QHT-lər müəyyən dərəcədə öz layihələrini həyata keçirərkən ancaq daxili situasiyadan asılı vəziyyətə salınır.
Qanun layihəsinə görə, Azərbaycanda xarici dövlətlər, o cümlədən xarici hüquqi və fiziki şəxslər tərəfindən maliyyələşdirilən xarici ölkə QHT-lərinin və nümayəndəliklərinin açılmasına yalnız dövlətlərarası müqavilə olduqda icazə verilir.
Sual: Avropa Şurasının İnsan Haqları üzrə komissarı Tomas Hammerberq Azərbaycanı qanun layihəsini Avropa Şurasının Venesiya komissiyasına ekspertizasına göndərməyə çağırıb. Sənəd Avropa Şurasına göndəriləcəkmi?
Cavab: Artıq qanun layihəsi parlamentin müzakirəsinə təqdim edilib və iyunun 19-da müzakirəyə çıxarılacaq. Qanun layihəsinin AŞ-ın ekspertizasına göndərilməsinə ehtiyac görmürük.
Sual: Avropa Şurasının ekpertizasına göndərilməməkdə səbəb nədir?
Cavab: Azərbaycan AŞ və AŞ-ın Venesiya Komissiyası ilə əməkdaşlığa sadiqdir. Hər-hansı bir layihə hazırlanarkən beynəlxalq təcrübə, o cümlədən Avropa Şurasına üzv ölkələrin təcrübəsini öyrənmək, tətbiq etmək problemi yarananda bu quruma müraciət edirik. İndiki halda biz buna ehtiyac görməmişik.
Sual: Qanuna gözlənilən dəyişikliklər çoxsaylı qeyri-hökumət təşkilatları tətəfindən etirazla qarşılanıb. Hətta qeyri-hökumət təşkilatları parlamentin qarşısında etiraz piketi keçirəcəyini bəyan edib. Bu etirazlar yeni layihə müəllifləri tərəfindən problem kimi qarşılanırmı?
Cavab: Məncə, qeyri-hökumət təşkilatları, o cümlədən bir sıra beynəlxalq təşkilatlar bəyanatlarında bir qədər tələsiblər. Yeni sənəd layihəsinin mahiyyətini düzgün qavramayıblar. Bu qanun layihəsində birləşmək azadlığı hüququ, qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı heç bir məhdudiyyət nəzərdə tutulmayıb və bu, ola da bilməz. Xarici hüquqi şəxslərin narahatçılığı ilə bağlı məlumatım var. Düşünürəm ki, özünün milli təhlükəsizliyinə önəm verən ölkələrdən olan ABŞ, İsrail kimi Azərbaycanın addımları da düzgündür. Xarici hüquqi şəxslərin qeydiyyatı ilə bağlı bu ölkələrin praktikasına nəzər yetirsələr, görərlər ki, qanuna ediləcək dəyişikliklər düzgündür. Hesab edirəm ki, bəyanatlar tələsik verilib, heç bir təhdid, heç bir narahatçılıq üçün əsas yoxdur. Xarici və ya yerli qeyri-hökumət təşkilatları sadəcə qeydiyyatdan keçdikdən sonra fəaliyyət göstərməlidir.
Sual: Qanuna ediləcək dəyişikliklər qeyri-hökumət təşkilatları ilə müzakirə edilmədən parlamentin müzakirəsinə təqdim edilib. Buna səbəb nədir?
Cavab: Sözsüz ki, qanun layihələrini ictimai müzakirəyə çıxarmaq lazımdır. “Hüquqi şəxslərin qeydiyyatı haqqında” qanun layihəsini vaxtı ilə belə müzakirəyə çıxarmışıq. Təxminən bir neçə il həmin sənədin üzərində AŞ ekspertləri və milli ekspertlərlə birgə işləmişik. Ancaq hazırda qanuna təklif edilən əlavə və dəyişikliklər daha çox qeydiyyat prosedurunu tənzimləyir. Bunun xüsusi geniş müzakirəyə çıxarılmasına ehtiyac yoxdur.
Düşünürəm ki, yaxşı maarifləndirmə və izahat işləri aparılarsa, qısa zamanda QHT-lər yeni sənəddə hər-hansı təhdiddən söhbət getmədiyini başa düşəcək.
Sual: Elə isə, bu layihə QHT-lər tərəfindən niyə narazılıqla qarşılanır. Bu dəyişiklik və əlavələrin edilməsi zərurəti hansı səbəbdən irəli gəlib? Yeni dəyişikliklər və əlavələrin fəlsəfəsi və məntiqi nədir?
Cavab: Burada təkcə bir qanuna deyil, paket halında bir neçə qanuna dəyişikliklər nəzərdə tutulur. Fəlsəfəsi və məntiqi ilə bağlı müzakirələrə təqdimatımda izahım olacaq.
Sual: Sizin fikrinizcə, QHT-lərin narazılığına səbəb nədir? Narazılıqlara səbəb olan əsaslar öyrənilibmi?
Cavab: Məni bəzən bu təəccübləndirmir. Çünki çoxlu sayda müsbət mənada həyata keçirdiyimiz işlər var ki, mənfi qəbul edilib. Məsələn, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanun layihəsi Venesiya komissiyasında müsbət rəy almışdı, amma hamı tənqid edirdi. Mənə elə gəlir ki, bir qədər sənədləri dəqiq, dərin öyrənmək lazımdır, tələsməmək, düzgün təvsir etmək lazımdır. Birtərəfli düşüncədən imtina etmək lazımdır.
Sual: Beynəlxalq praktikaya görə, təşəbbüslər xalqdan gəlməli və mövcud reallıqları özündə ehtiva etməlidir. Hazırkı əlavə və düzəlişlər nəyə əsaslanır, təşəbbüs kimə məxsusdur? Sənəd QHT-lər və media tərəfindən narahatlıqla qarşılanır.
Cavab: Qanunverici, parlament, siyasət adamları ictimai fikrin önündə olmalıdır. Düşünürəm ki, bu halda media və QHT-lər bir qədər yanılır. Onların fikirləri də, bütövlükdə cəmiyyəti təmsil etmir. Hesab edirəm ki, bizim sənədi parlamentə təqdimatımız narahatlığın aradan qalxmasına imkan verəcək. Nəticə etibarı ilə tərəflər əlavə və düzəlişlərin ümumi işin xeyrinə olduğunu dərk edəcək


XS
SM
MD
LG