8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) dünyanın hər yerində çoxlu sayda qadın və qızların müharibənin vurduğu zərbələrdən əziyyət çəkdiyini bildirir.
BQXK-nin məlumatında deyilir ki, Azərbaycanda bir çox bulaqların hərbi mövqelər arasında və ya cəbhə xəttinə çox yaxın yerləşməsi üzündən cəbhə xəttinə yaxın yerlərdə yaşayan əhalinin içməli sudan istifadə etməsinə müntəzəm olaraq əngəl törədilir. Qadınlar özlərinin və ailələrinin yaşayış ehtiyaclarının təmin edilməsini tam olaraq öz üzərinə götürürlər ki, bu da onlardan həddən artıq vaxt və enerji tələb edir. "Münaqişədən zərər çəkmiş kəndlərdə cəbhə xəttinə yaxın yerləşən bulaqlardan su gətirən əsasən qadınlardır. Onların həyatları hər gün risk altındadır və beləliklə də su təchizatı sistemini bərpa etməklə BQXK dolayısı yolla onları müdafiə edir," – deyə BQXK-nın Azərbaycandakı nümayəndəliyinin başçısı Ton Vandenhov bildirib.
BQXK Azərbaycanda cəbhə xəttinə yaxın ərazidə yaşayan kənd əhalisinin təhlükəsiz içməli sudan istifadə etməsinə yardım göstərmək üçün səy göstərir. 2008-ci ildən başlayaraq BQXK yerli hakimiyyət orqanları və icma üzvləri ilə əməkdaşlıq şəraitində iki su təchizatı layihəsi həyata keçirib. Bunlardan biri Azərbaycanın Ermənistanla sərhədinə yaxın ərazidə yerləşən Əyridərə kəndində, digəri isə Füzuli rayonunun cəbhə xəttinə yaxın yerləşən Şükürbəyli kəndində həyata keçirilib. Ümumilikdə bu kəndlərin təxminən 1400 sakini su təchizatı sisteminin bərpası sayəsində içməli sudan istifadə imkanı əldə edib.
Cənab Vandenhov qeyd edib ki, BQXK hazırda bütün sərhəd rayonlarında qiymətləndirmə aparır. "Biz həll olunmamış Dağlıq Qarabağ problemindən hələ də əziyyət çəkən mülki əhaliyə mümkün olduğu qədər kömək göstərməyə çalışacağıq" - deyə BQXK-nin Azərbaycandakı nümayəndəliyinin başçısı Ton Vandenhov qeyd edib.