Accessibility links

Gürcüstanda əsas ixrac neft boru kəməri işə düşdü


Bu gün Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Gürcüstanda açılması münasibətilə təntənə keçirilib. Qardabani 1 saylı Nasos stansiyasında keçirilən təntənədə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri və BP-nin prezidenti Con Braun iştirak edib. Azərbaycan dövlət neft şirkətinin prezidenti Natiq Əliyev Amerikanın səsi radiosuna bildirib ki, dekabrın sonlarında Türkiyənin Ceyhan limanından ilk Xəzər nefti ilə yüklənmiş tanker yola salınacaq və bu münasibətlə Türkiyədə də təntənə keçiriləcək. Cənab Əliyev Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikinitsinin də suda və quruda uğurla davam etdirdiyini bildirib. Onun qənaətinə görə, Azərbaycan Şahdəniz yatağından hasil ediləcək qazın Gürcüstan-Türkiyə sərhəddinə qədər çatdırılması üzrə öhdəliklərini 2006-cı il sentyabrın sonunadək yerinə yetirəcək. Onun sözlərinə görə, qaz kəmərinin tikintisi Tükiyə ərazisində gecikə bilər. «Türkiyə qaz boru kəmərinin Gürcüstan sərhəddindən Ərzruma qədər hissəsinin tikintisi üzrə öhdəlik götürüb. Lakin tikinti işlərinin ləng getməsi ilə əlaqədar Türkiyə sərhəddində qaz qəbulu gecikdirilə bilər»-deyə o qeyd edib. "Şah dəniz" yatağının işlənməsinə dair müqavilə 1996-cı il iyunun 4-ü imzalanıb. İndiyədək qazın satışına dair Türkiyə ilə 6,3 mlrd kubmetrdək, Azərbaycan ilə 3 mlrd. kubmetrə qədər və Gürcüstanla 0,8 mlrd. kubmetrə qədər müqavilə imzalanıb. Dövlət Neft Şirkətinin prezidenti bu günlərdə Nyu-York cənub dairə məhkəməsinin axtarışı ilə həbs olunmuş Azərbaycan Neft Şirkətinin özəlləşdirilməsi müqabilində Azərbaycanın yüksək vəzifəli rəsmi şəxslərinə bir neçə milyon dollar həcmində rüşvət və hədiyyələr verməkdə gunahlandırılan Viktor Kojenni ilə bağlı da Amerikanın səsi radiosunun sualına cavab verib. Cənab Əliyev belə bir şəxsi tanmadığını və ittihamların tam əsassız olduğunu bildirib.
XS
SM
MD
LG