Accessibility links

Azərbaycanda qiymətlərin artımı: rəylər müxtəlifdir


Azərbaycanda əsas neft məhsulları və kommunal xidmətlərin tariflərinin kəskin qaldırılmasına vətəndaş cəmiyyətləri, müxalif siyasi partiyalar etiraz etsələr də hökumət təmsilçiləri Tarif Şurasının qərarını dəstəkləyir.

Nazirlər Kabinetinin şöbə müdiri Oqtay Haqverdiyev hesab edir ki, bazar iqtisadiyatı şəraitində daxili qiymətlər dünya qiymətlərinə uyğun olmalıdır. «Əhalinin gəlirləri inflyasiyanı iki dəfə ötdüyündən belə şəraitdə sosial xərcləri hiss etməyəcək. Statistikaya görə, hər il inflyasiyanın səviyyəsi 8-9% olduğu halda, əhalinin pul gəlirlərinin artımı 20-25% təşkil edir"- deyə o qeyd edib.

Müstəqil ekspertlər bunun əksini bildirir. Sosial məsələlər üzrə ekspert Vüsalə Kərimova hesab edir ki, qiymət artımı əhalinin bütün ünvanlı sosial yardımlarından çoxdur. Ekspertin fikrincə, xərclərin artması kağız üzərində yoxsulluğun səviyyəsinin aşağı göstərilməsinə imkan yaratsa da, reallıqda yoxsulların sayı kəskin artacaq.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, enerji daşıyıcıları və bəzi xidmətlərin tariflərinin artması istehlak səbətinin dəyərinin qalxmasına və inflyasiyanın güclənməsinə gətirib çıxaracaq, «Bəzi fermer təsərrüfatları ümumiyyətlə sıradan çıxacaq. Neft gəlirlərinin həcminin böyük olmasına görə manatın möhkəmləndirilməsi idxal məhsulları ilə müqayisədə yerli istehsalçıların məhsullarının rəqabət qabiliyyətliliyini aşağı salacaq».

İqtisadçı ekspert Azər Mehdiyev isə qiymətlərin armasının korrupsiyanın daha da dərinləşməsinə və kənd təsərrüfatı istehsalı sahəsində geriləmələrə səbəb olacağını deyib. Onun fikrincə, Tarif Şurasının qərarı hökumətin sosial siyasətini heçə endirir.

Müsavat partiyasının başqanı İsa Qəmbər keçirdiyi mətbuat konfransında hökumətin siyasətini kəskin tənqid edib. Müsavat başqanı Tarif Şurasının qərarını xalqın cibinə girmək, hakimiyyətin oğurluq siyasətinin davamı kimi dəyərləndirib. Müsavat partiyasının Divanı da məsələni müzakirə edib.

«Azadlıq» siyasi bloku isə hökumətin siyasətinin xalqın sosial durumuna ziddi olduğunu qeyd edib. AXCP sədri Əli Kərimli hesab edir ki, hökumət qiymətlərin dünya bazarına uyğunlaşdırıldığını bəyan edir, ancaq minimum əmək haqlarının dünya səviyyəsinə qaldırılmasını düşünmür. Onun fikrincə, ölkə əhalisinin yarıdan çoxunun gəlirləri kommunal xərclər üçün bəs etmir.

Cənab Kərimli qiymət artımının hakimiyyətin elan etdiyi uğurlu neft siyasətinin süqutu kimi qiymətlənldirir və bunun hakimiyyətdə bir qrup insanın mənafeyinə xidmət etdiyini deyib.

«Azadlıq» bloku hökumətin istefasını tələb edən xüsusi bəyanat da qəbul edib.

Azərbaycan Prezidentinin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov «Amerikanın səsi» radiosuna müsahibəsində müxalifətin tənqidlərini qərəzli saydığını deyib. Onun sözlərinə görə, hökumətin qiymət artımı siyasəti xalq tərəfindən dəstəklənir və Azərbaycan dünyada gedən proseslərdən geri qala biliməz. Cənab Həsənov həmçinin hökumətin aztəminatlı ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı planlı şəkildə tədbirlər həyata keçirldiyini də diqqətə çatdırıb.

XS
SM
MD
LG