Rusiya Federasiyasının baş naziri Mixail Fradkov Azərbaycana bir günlük səfərə gəlib. O Azərbaycan prezidenti İlham Əliyev və baş nazir Artur Rasizadə ilə ikitərəfli əlaqələrin inkişafı ilə bağlı danışıqlar aparıb. Azərbaycanda Rusiya ilinin bağlanma mərasimində iştirak edib.
Prezident İlham Əliyev Azərbaycanla Rusiya arasında əlaqələrin inkişafını xüsusi qeyd edib. O Azərbaycanda Rusiya İlinin formal olaraq başa çatdığını bildirib. “Bu il Azərbaycan və Rusiya əlaqələri üçün çox uğurlu oldu. Humanitar və mədəni sahələrdə bir çox proqramlar həyata keçirildi. Mən Moskvada olarkən prezident Vladimir Putinə bildirdim ki, Azərbaycanda Rusiya ili formal baxımdan başa çatır. Rusiya ili bundan sonra başqa formada davam edəcək. Ölkələrimiz arasında iqtisadi və siyasi əməkdaşlıq uğurlda davam edir. Mal dövriyyəsi isə yüksək templərlə artır».
Cənab Fradkov da Azərbaycanla Rusiya arasında iqtisadi, siyasi və mədəni əməkdaşlığın genişləndiyini bildirib. “Biz ölkələrimiz arasında əməkdaşlığın genişlənməsi üçün bütün imkanlardan istifadə etməliyik. Bu gün Azərbaycanda Rusiya İlinin təntənəli bağlanış mərasimi keçiriləcək. Bu tədbirlər əlaqələrimizin bütün sahələrdə daha da genişlənməsinə imkan yaradıb. Ölkələrimiz arasında iqtisadi əməkdaşlıq təkcə neft və qaz sektorunda iri miqyaslı əlaqələrin genişlənməsi ilə məhdudlaşmayacaq, biz iqtisadiyyatın digər sahələrində də əməkdaşlıq etməyi nəzərdə tuturuq”.
O, mədəni əlaqələrin genişlənməsi üçün Azərbaycanla Rusiya arasında mədəni-humanitar sahədə əməkdaşlığa dair yeni birgə sənədin imzalanacağını bildirib. Sənəddə 2009-cu ilə kimi iki ölkə arasında mədəniyyət sahəsini əhatə edən tədbirlər planı əksini tapacaq.
İki ölkənin baş nazirinin görüşündə isə enerji məsələləri də diqqətdə olub. Azərbaycanın baş naziri Artur Rasizadə görüşdən sonra bildirib ki, Azərbaycan qaz hasilatını artırır və 2007-ci ildən etibarən özünün enerji daşıyıcılarına olan tələbatını ödəyəcək. "Rusiyanın «Qazprom" şirkəti Azərbaycana gələn ildən min kub metri 230 dollar olmaqla 1,5 mlrd. kub metr qaz təklif edib. Bu təklif nəzərdən keçirilir, lakin hələlik yekun qiymətin və qazın həcminin nə qədər olacağını demək çətindir- deyə o qeyd edib.
İndiyədək Rusiya Azərbaycana min kubmetri 110 dollar olmaqla ildə 4,5 milyard kubmetr qaz satırdı.
Öz növbəsində, cənab Fradkov qazın qiymətinin artırılmasının Rusiyanın daxili bazarında da nəzərdə tutulduğunu bildirib. «Azərbaycanın özünün qaza olan tələbatını ödəməsi bu sahədə ikitərəfli əməkdaşlığı istisna etmir. Rusiyanın və Azərbaycanın qaz şirkətləri üçüncü ölkə bazarlarında fəaliyyətlərini koordinasiya edə bilər»-deyə baş nazir xatırladıb.