Accessibility links

Blogerlərin məhkəməsi davam edib


Səbail rayon məhkəməsində bloggerlər Emin Milli və Adnan Hacızadənin işi üzrə məhkəmə prosesi şahidlərin dindirilməsi ilə davam edib.
İyulun 8-də hadisə baş verən restoranın aşbazı dindirilib. Onun sözlərinə görə, o zala daxil olanda yerə yıxılmış bir gənc və onun yanında daha bir nəfər görüb. Lakin üzlərini tanıya bilməyib. Digər şahid - post-patrul xidmətinin əməkdaşı bildirib ki, polisləri restorana mühafizəçi çağırıb, dava olduğunu bildirib. Polis maşınında bölməyə müttəhimləri və daha bir gənci aparıblar. Polisin sözlərinə görə, Adnanın burnundan qan axırdı, Emilin isə ayağı kəsilmişdi. O başqa zərərçəkmiş görmədiyini deyib.
Bloger Emin Milli polisə müraciət edərək, onu yalan danışmamağa çağırıb, çünki o və Adnan özləri polis bölməsinə gəliblər və heç kim onları maşınla bölməyə gətirməyib.
Digər şahid, polis isə bildirib ki, müttəhimlərdən başqa restoranda başqa zərərçəkmiş görməyib.
Blogerlərlə birlikdə restoranda olan şahid Pərviz Atayev deyib ki, “Biz gənclərin təhsili məsələlərini müzakirə edirdik. Birdən bir şəxs Eminə yaxınlaşaraq kobud şəkildə “nə danışırsan?” dedi, digəri isə bizi söydü.
Daha bir gənc, həmin gün blogerlərlə birlikdə olan Orxan Qafarzadə, praktiki olaraq, Atayevin dediklərini təkrar edib.
Məhkəmə prosesi oktyabrın 1-də davam edəcək.
Bu gün müttəhimlər məhkəmə zalına qandalsız gətirilib. Çoxsaylı insan məhkəmə zalında yer olmadığından açıq havada gözləməli olub. Blogerlər məhkəməyə gətirilərkən və məhkəmədən sonra “Azadlıq!” sədaları ilə qarşılanıb.

XS
SM
MD
LG