Accessibility links

Azərbaycan Dövlət Neft Fondunun aktivləri 11 milyard  219,2 milyon dollar olub 


Azərbaycan Dövlət Neft Fondunun aktivləri 2008-ci ildə 4,3 dəfə artaraq 8 mlrd. 986,7 mln. manat (11 mlrd 219,2 mln. ABŞ dolları) təşkil edib. Ümumilikdə, fondun büdcə gəlirləri 11 mlrd 864,7 milyon manat, büdcə xərcləri 4 mlrd. 291,8 milyon manat olub. Fondun büdcəsinin gəlir hissəsi 117 faiz, xərc hissəsi 98 faiz yerinə yetirilib. Bu barədə Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ötən il ərzində neft sazişlərinin həyata keçirilməsi nəticəsində gəlirlər 11 mlrd 633,5 mln. manat təşkil edib.

İcracı direktor fondun büdcəsindən xərclənən vəsaitlərin təyinatı ilə bağlı da məlumat verib."145 mln. manat məcburi köçkünlərin sosial məişət şəraitinin yaxşılaşdırılmasına, 120,6 mln. manat Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına, 211,8 mln. manat Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişinə, 3 800 mln. manat dövlət büdcəsinə transfert, 5,3 mln. manat Bakı-Tiflis-Qars dəmir yolunun, 2,3 mln. manat Azərbaycan gənclərinin xaricdə təhsili üzrə dövlət proqramının maliyyələşdirilməsinə yönəldilib. Fondun idarə edilməsi ilə bağlı xərclər isə 6,8 mln. manat olub".

Cənab Mövsümovun sözlərinə görə, fondun vəsaitlərinin 52,67%-i ABŞ dolları, 42,95%-i avro, 4,38%-i isə ingilis funt-sterlinqində saxlanılır.
«İnvestisia portfelinin tərkibi 93,79% qiymətli kağızlarda, 1,8% qısamüddətli kommersiya kağızları, 3,5% depozitlər və pul bazarı alətləri, 0,91% bank hesablarında yerləşdirilib».

"Neft Araşdırmaları" Mərkəzinin rəhbəri İlham Şaban isə hesab edir ki, fonda daxil olması gözlənilən rəqəmlərlə real rəqəmlər arasında fərq var. Ötən il neftin qiymətinin kəskin enməsinə baxmayaq orta hesabla Azərbaycan neftinin hər bareli 100 dollara satılıb.

Ekspertin fikrincə, neft fondunun büdcəsi əsasən kommersiya layihələrinə yönəldilməlidir ki, gəlirlər artsın. Amma hazırda belə deyil. İndiyədək fonda 20 milyard manat vəsait daxil olub, onun 9 milyardı xərclənib.

Cənab Şaban 2009-cu ildə neftin qiymətinin ucuzlaşmasının davam edəcəyi şəraitində Azərbaycanın gəlirlərinin gözləniləndən azı 5 milyard manat az olacağını düşünür.


XS
SM
MD
LG