ABŞ-ın kommersiya departamentinin katibinin müavini Con Sallivan Azərbaycanda iki günlük səfərdə olub. O prezident İlham Əliyev, iqtisadi inkişaf, maliyyə nazirləri, Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti ilə danışıqlar aparıb, ABŞ biznesinin Azərbaycandakı liderləri ilə görüşüb.
Cənab Sallivan səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, danışıqlarda enerji və qeyri-enerji sektoruna dair məsələlərin davamlı müzakirəsi aparılıb. O ABŞ Ticarət Departamentinin iki ölkə arasında genişlənən ticarət və investisiya əlaqələrini dəstəkləmək məqsədi ilə gələn ilin ortalarında Azərbaycanda yeni ofisinin açılacağını elan edib. “Səfərimin əsas məqsədi ABŞ hökumətinin Azərbaycan iqtisadiyyatına dəstəyini izhar etməkdir. ABŞ tərəfdaşlarına münasibətdə sadiqdir. Biz Azərbaycanda sabitliyi və iqtisadi yüksəlişi dəstəkləməkdə davam edirik. Bu gün kommersiya katibi və prezident Corc Buşun adından Azərbaycana səfər edərək kommersiya münasibətlərini müzakirə etmişəm”.
Cənab Sallivanın dediyinə görə, 2007-ci ildə Azərbaycanın ümumdaxili məhsulu 31,3 milyard dollaradək artıb. “2006-cı illə müqayisədə 2007-ci ildə iki ölkə arasında ticarət əlaqələri iki dəfə artaraq 2 milyard dollara çatıb. Azərbaycanda bu dövrdə olmaq çox vacibdir. Dünya bankının hesabatında da Azərbaycan islahatçı ölkə kimi yüksək yer tutub. Biz Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmasını da dəstəkləyirik və ümid edirik ki, bu baş verəcək. Bununla yanaşı, bir sıra sahələrdə islahatlara da ehtiyac var. Bu korrupsiyanın, bürokratiyanın azaldılması, iqtisadi və hüquqi islahatların gücləndirilməsi, iqtisadi çoxşaxəliliyin, infrastrukturun və təhsilin möhkəmləndirilməsidir. Bu islahatların davam etdirilməsində Azərbaycanın yanında olacağıq”.
Onun sözlərinə görə, Azərbaycanda yüzədək ABŞ şirkəti işləyir. “Hesab edirik ki, bundan iki dəfə çox şirkət də Azərbaycanda işləmək marağını göstərər bilər. ABŞ Azərbaycanın iqtisadi uğurunda çox maraqlıdır və buna kömək edəcəyik”.
Cənab Sallivan suallara cavabda ABŞ kommersiya xidmətinin Azərbaycana müxtəlif şirkətləri dəvət edəcəyini bildirib. “Bunlar həm yüksək texnologiyalar, həm kommunikasiya, həm kənd təsərrüfatı, həm səhiyyə, həm infrastruktur sahəsində və ya digər sahələrdə çalışan şirkətlər ola bilər. Əsas meyarlardan biri iqtisadiyyatda davamlı artımdır. Ona görə də davamlı inkişaf üçün iqtisadiyyatın diversifikasiyası əsas şərtlərdəndir. Biz bu sahədə də Azərbaycana dəstək verəcəyik”.
O regionun enerji layihələrindən danışarkən bildirib ki, ABŞ-ın əsas məqsədi Xəzər regionunun enerji resurslarını müxtəlif yollarla Avropaya çatdırmaqdır. “Məqsədimiz Avropanı bir enerji mənbəyindən asılılıqdan xilas etməkdir. Azərbaycan hökuməti də ABŞ-ın bu fikrini dəstəkləyir. Bu səpkili danışıqları Azərbaycan hökuməti ilə gələcəkdə də davam etdirəcəyik”.