Avropa Şurası və "Yeni
Nəsil" Jurnalistlər Birliyi "Media və seçkilər: medianın demokratik
fəaliyyəti" mövzusunda konfrans keçirib. Tədbirdə media rəhbərləri,
ekspertlər, Avropa Şurasının nümayəndələri, Mərkəzi Seçki Komissiyasının
üzvləri. hökumət rəsmiləri və deputatlar iştirak edib.
Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı
daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib ki, dünyada baş verən
son hadisələr medianın rolunun nə qədər əhəmiyyətli olmasını bir daha sübut
edir. Onun fikrincə, bu il keçiriləcək prezident seçkiləri ölkədə azad
fikirliliyin və medianın inkişafına ciddi təkan verəcək.
Mərkəzi Seçki Komissiyasının
üzvü Azər Tağıyev bildirib ki, media seçki komissiyalarının bütün fəaliyyətini
azad şəkildə işıqlandırır. Onun sözlərinə görə, MSK-da təşviqat kampaniyası
dövründə qanunvericiliyə və normalara əməl edilməsinə nəzarət məqsədilə media
qrupu yaradılıb. "Media qrupu qanunvericilik pozulanda hətta məhkəməyə
müraciət etmək hüququna malikdir".
Avropa Şurası Parlament Assambleyası baş katibinin
Azərbaycanda xüsusi nümayəndəsi Veronika Kotek deyib ki, azad məlumat inkişafın
və hüquqi dövlətin əsas təməl prinsiplərindən biridir. "Seçkilər zamanı
dövlətin müdaxiləsi olmadan məlumatın azad şəkildə alınıb cəmiyyətə ötürülməsi
seçicilərin məlumatlı seçim hüququnun həyata keçirilməsi deməkdir. Bu, həm də
vətəndaşlar qarşısında olan məsuliyyətdir. Hər bir ölkənin uğuru da sadə
vətəndaşların uğuru ilə ölçülür. Ümumilikdə isə, hökumət medianın fəaliyyətini
azad həyata keçirməsinə imkan yaratmalıdır", - deyə o qeyd edib.
"Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyevin fikrincə, hər bir seçki mətbuatın qızıl dövrüdür. Azərbaycanda isə seçki dövrü olmasına baxmayaraq medianın bu qızıl dövrü görünmür.
Avropa Şurasının ekspertləri Azərbaycanda jurnalistlərin həbsdə olması barədə də məlumatlıdır. Onlar jurnalistlərin həbsini qəbuledilməz hesab edir. Avropa Şurasının eksperti Paskal Muney bildirib ki, nəinki Azərbaycanda, ümumiyyətlə Cənubi Qafqaz ölkələrində jurnalistlərə göstərilən təzyiqlərdən xəbərdardır. "Azad və müstəqil mətbuat istənilən demokratiyanın əsas göstəricisidir. Azərbaycanda 3 jurnalistin həbsinə gəlincə, çox güman ki, onların həbsi hökumətin xoşuna gəlmədiyinə görə baş verir. Dünyanın istənilən yerində, xüsusən də Avropa Şurasına üzv ölkədə vəzifəsini yerinə yetirən jurnalistin həbsi Avropa Şurasının prinsipləri ilə bir araya sığmır"-deyə o qeyd edib.