Accessibility links

Kosovo Dağlıq Qarabağ da daxil olmaqla, digər bölgələr üçün presedent yaratmır


"Bu gün Amerika Birləşmiş Ştatları Kosovonun müstəqilliyini tanıyıb. Kosovoda yaranmış vəziyyət öz xüsusiliyi ilə seçilir və Dağlıq Qarabağ da daxil olmaqla, digər bölgələr üçün presedent yaratmır". Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin bu gün mətbuat üçün yaydığı açıqlamada deyilir. ABŞ hesab edir ki, status prosesini və BMT-nin uzadılmış keçid administrasiyasını nəzərdə tutan BMT-nin Təhlükəsizlik Şurasının xüsusi qətnaməsi də daxil olmaqla, müxtəlif faktorların qeyri-adi kombinasiyası Kosovodakı vəziyyəti digər mövcud hallardan fundamental şəkildə fərqləndirir. "Xüsusi vacibliyi məhz o kəsb edir ki, Kosovodakı vəziyyət onun gələcək statusunun müəyyənləşdirilməsinə kömək məqsədilə qəbul olunmuş xüsusi qətnamə şərtləri ilə idarə olunur. Qətnamə Kosovonun statusunun müstəqillik ehtimalını da nəzərə alan siyasi proseslər vasitəsilə müəyyənləşdirilməsini nəzərdə tutur". Səfirlik bildirir ki, Fransa və Rusiya ilə yanaşı, ATƏT-in Minsk Qrupunun həmsədri olan Amerika Birləşmiş Ştatları on bir ildir ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin tapılması sahəsində fəal vasitəçilik edir. "Bizim həmişəki siyasətimiz dəyişilməz olaraq qalır. Amerika Birləşmiş Ştatları Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıyaraq, münaqişənin dinc və razılaşdırılmış həllinin tərəfdarıdır. Eyni zamanda, biz bəyan edirik ki, Dağlıq Qarabağın gələcək statusu beynəlxalq danışıqlar vasitəsi ilə müəyyənləşdirilməlidir". ABŞ Kosovoda baş verən proseslərdən sonra beynəlxalq ictimayyətin bütün üzvlərini Dağlıq Qarabağ münaqişəsinin dinc və razılaşdırılmış həllinə xələl gətirə bilən bəyanatlardan çəkinməyə çağırır. "Münaqişəni hərbi və ya kompromis çərçivəsindən kənara çıxan digər vasitələr ilə həll etmək cəhdləri bütün Qavqaz bölgəsində sülh və sabitliyi təhlükə altına qoya bilər". Rəsmi Bakı ABŞ-ın açıqlamasını müsbət qiymətləndirir. Xarici İşlər nazirliyinin mətbuat katibi Xəzər İbrahim hesab edir ki, Azərbaycanın ərazi bütövlüyü hər hansı danışıqların mövzusu ola bilməz. Politoloq Rasim Musabəyob ABŞ-ın bəyanatını alqışlayır. Ancaq politoloq, eyni zamanda bəyanatlardan asılı olmayaraq Kosovonun müstəqilliyini birtərəfli qaydada elan etməsinin çoxsaylı problemlər yaradacağını da deyir. Politoloqun fikrincə, Kosovonun müstəqilliyinin tanınması Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesinə təsir etməyəcək. Ancaq cənab Musabəyov danışıqlarda referendum məsələsinin olmasını da yada salır.
XS
SM
MD
LG