Bu gün keçmiş səhiyyə naziri Əli İnsanov və Səhiyyə Nazirliyinin keçmiş 10 işçisinin işi üzrə məhkəmə prosesində dövlət ittihamçısı Kamran Əliyev çıxış edib. O məhkəmədən Əli İnsanova, şəxsi əmlakını müsadirə edilməklə və ümumi rejimli koloniyada saxlanmaqla, 12 il həbs istəyib.
Cənab İnsanovun daşınmaz əmlakının (evindən götürülən pullar da daxil olmaqla) ümumi dəyərinin 8 milyon dollardan çox olduğu bildirilib. Buraya İnsanovun ailəsi yaşayan mənzil, şəxsən ailə üzvlərinə məxsus qiymətli əşyalar və şəxsi mükafatları daxil edilməyib.
Eyni zamanda, prokuror məhkəmədən Səhiyyə Nazirliyinin aşağıdakı rəhbər işçilərini: Fəxrəddin Abbasovu ümumi rejimli koloniyada saxlanmaqla 8 il azadlıqdan məhrumetmə cəzasına; Anar Namazovu - 8 il; Pərviz Kazımovu 8 il; Fuad Mahmudovu 8 il (şərti); Akif Məhərrəmovu 10 il; Vəkil Abbasovu 6 il (şərti); Eldar Rzayevi 8 il; Şövqi Cəfərovu 8 il (şərti), Hacı Əliyevi 8 il (şərti); Aleksandr Umnyaşkini 4 il azadlıqdan məhrumetmə cəzasına məhkum etməyi xahiş edib.
Əli İnsanov 2005-ci ilin oktyabrında parlament seçkiləri qabağı həbs edilib. İlk öncə o dövlət çevrilişinə cəhdə hazırlıqda ittiham edilib. Bir il sonra isə bu ittiham ayrı icraata ayrılaraq, sabiq nazir vəzifə səlahiyyətlərindən süi istifadə, korrupsiya və rüşvətdə günahlı bilinib. O məhkəmədə günahsız olduğunu və siyasi sifarişlə həbs edildiyini bəyan edib. Cənab İnsanov həmçinin iqtidarda olan «Yeni Azərbaycan» partiyasının və hökumətin ünvanına ciddi tənqidlər söyləyib.