Accessibility links

Dağlıq Qarabağ və Kosovo münaqişəsinin həll yolu ilə bağlı Azərbaycan və Serbiya mövqeyini açıqlayıb (audio) 


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Serbiya xarici işlər naziri Vuk Yeremiçin görüşündə ikitərəfli əlaqələrin inkişafı, iqtisadi, mədəni münasibətlər ilə yanaşı Dağlıq Qarabağ və Kosovo münaqişəsinin həlli yolları müzakirə edilib. Bu barədə Serbiyanın xarici işlər nazirinin Azərbaycana ilk rəsmi səfərinin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirilib.
Serbiyanın xarici işlər naziri Vuk Yeremiç deyib ki, Dağlıq Qarabağ və Kosovo münaqişəsi beynəlxalq hüquq normalarına uyğun nizamlanmalıdır. “Dağlıq Qarabağ və Kosovo münaqişəsi beynəlxalq hüquq çərçivəsində, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və münaqişədən öncə BMT tərəfindən tanınmış sərhədlər daxilində həll edilməlidir”.
Cənab Yeremiç separatçı rejimlərin dünyanın əksər ölkələri üçün təhlükə olduğunu deyib. “Bu 21-ci əsrdə sülh və sabitlik üçün mühüm bir təhlükədir. Kosovo ilə bağlı məsələ dünyada bütün ölkələrin əraziləri üçün böyük fəsadlar törədə bilər. Məhz bu səbəbdən də Serbiya beynəlxalq ədalət məhkəməsi olan Haaqa məhkəməsi qarşısında məsələ qaldırıb. BMT-nin Baş Assambleyasında keçirilən səsvermədə Azərbaycan Serbiyanı dəstəkləyib. Hazırda məhkəmə Kosovoda müstəqillik bəyannaməsinin BMT nizamnaməsinə uyğun həyata keçirilib -keçirilməməsi ilə bağlı məsələni araşdırır. Serbiyanın mövqeyinə görə, məhkəmə qərara gələcək ki, beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədləri heç bir qurum təklikdə dəyişə bilməz. Beynəlxalq hüquqda BMT-yə üzv dövlətin ərazi bütövlüyü və sərhədlərinin dəyişdirilməsi ilə bağlı heç bir istisna hal ola bilməz”, - deyə o qeyd edib.
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov isə jurnalistlərin suallarına cavabda iyunun 26-da Parisdə Ermənistanın xarici işlər naziri ilə görüşəcəyini deyib.
Görüş həm Ermənistan və Azərbaycan xarici işlər nazirləri səviyyəsində, həm də ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə olacaq.
Onun dediyinə görə, Sankt-Peterburq görüşü zamanı prezidentlər xarici işlər nazirlərinin müzakirə edəcəyi məsələlər barədə göstəriş verib. “Azərbaycan çox istərdi ki, bu ilin sonunadək hansısa bir nəticəyə çataq. Hansısa nəticəyə çata bilməsək, deməli, bu, Azərbaycan tərəfindən asılı deyil. Bunun üçün danışıqlar genişləndirilməli və davam etdirilməlidir. İlin sonunadək hansısa nəticəyə çatsaq, bu, xoş xəbər olar. Nəticəyə çata bilməsək, bundan sonra nə etməyimizi düşünməliyik”, - deyə nazir “Amerikanın səsi” radiosunun Azərbaycan və Ermənistan prezidentlərinin, həmçinin ATƏT-in Minsk qrupunun həmsədrləri Amerika, Fransa və Rusiya prezidentlərinin iştirakı ilə beştərəfli görüşün mümkünlüyü ilə bağlı sualının cavabında bildirib.
Nazir İrandakı durumla bağlı “Amerikanın səsi” radiosunun sualına da cavab verib. O Azərbaycanın İranda daha tez stabillik yaranmasını istədiyini bəyan edib. “İran Azərbaycanın qonşusudur. Azərbaycan üçün çox vacibdir və çox istəyir ki, İranda daha tezliklə sülh, əminamanlıq və sabitlik bərpa olunsun”.




XS
SM
MD
LG