Accessibility links

Azadlıq bloku Azərbaycanda yeni parlament seçkiləri tələb edir


"Azadlıq" seçki blokunun təşəbbüsü ilə keçirilən mitinqdə on minlərlə insan iştirak edib. Aksiyaya "Milli Birlik" Hərəkatı, "Yeni Siyasət" bloku, Milli İstiqlal, Vəhdət və başqa siyasi partiyalar, çoxlu sayda gənclər təşkilatları qatılıb. Mitinqdə "Azadlıq!", "Azad seçki!", "İstefa!", "Çadırlar meydana!" şuarları səsləndirilib. Çıxış edənlər Azərbaycan iqtidarının seçkiləri saxtalaşdırdığını, seçkilərin nəticələrinin ləğvini və yeni seçkilərin keçirilməsini tələb edib. "Yeni Müsavat" qəzetinin baş redaktoru, deputatlığa namizəd Rauf Arifoğlu noryabrın 16-dan başlayaraq Bakının Nardaran qəsəbəsində digər üç kəndin sakinləri ilə birgə fasiləsiz mitinqlərə başlanacağını bildirib. "YeS" blokunun təmsilçisi Eldar Namazov Azərbaycanın bütün vətəndaşlarını müxalifətin mitinqlərində iştiraka çağırıb. Onun sözlərinə görə, seçki təkcə səs verməkdən ibarət deyil, həm də səslərin müdafiəsindən ibarətdir. Müsavıat başqanının müavini Arif Hacılı Azərbaycan xalqının demokratiya uğrunda on ildən çoxdur ardıcıl mübarizə apardığını bildirib. Onun fikrincə, hər hansı repressiv rejim demokratiya uğrunda çarpışan xalqa qalib gələ bilməyib. "Azadlıq" blokunun seçki qərargahının rəhbəri Pənah Hüseyn isə müxalifətin qələbəyədən mübarizəsini davam etdirəcəyini bildirib. Onun sözlərinə görə, parlamentdəki deputat yerlərinin üçdə ikisini müxalifət qazanıb. AXCP sədrinin müavini Fuad Mustafayev Azərbaycan xalqının avtoritarizmə, rüşvətə, korrupsiyaya deyil, azadlıq, demokratiya uğrunda mübarizlərə səs verdiyini diqqətə çatdırıb. ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlu müxalifətin noyabrın 18-dən başlayaraq hər gün mitinq keçirəcəyini deyib. Onun sözlərinə görə, xalq və müxalifət iqtidardan fərqli olaraq dünyada nümunəvi seçki keçirdiyini nümayiş etdirib. Müsavat başqanı İsa Qəmbər artıq bir çox regionlarda etiraz aksmiyalarının başlandığını diqqətə çatdırıb. O müxalifətin mübarizəsinin strateji xarakter daşıdığını bildirib. Müsavat başqanı siyasi böhranın yarandığını və böhrandan çıxışın dövlət başçısının müxalifətlə dialoqundan keçdiyini bildirib. Onun fikrincə, dövlət başçısı Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin, Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərovun və Daxili İşlər nazirinin müavini Vilayət Eyvazovun «girovundadır». Milli Birlik Hərəkatının lideri Lalə Şövkət Azərbaycan iqtidarını saxtakarlıqdan əl çəkməyə və xalqla birliyə səsləyib. Onun fikrincə, Azərbaycan xalqı öz hüquqları uğrunda mübarizliyni dünyaya sübut edir. AXCP sədri Əli Kərimli seçkiləri saxtalaşdıran iqtidarı istefaya çağırıb. Onun sözlərinə görə, müxalifət parlamentdə deputat yerlərinin əksəriyyətini qazanıb. Yeri gəlmişkən qeyd edim ki, bu, seçkilərdən sonra müxalifətin keçirdiyi ikinci etiraz mitinqidir və aksiya iştirakçılarının emosionallığı artan xəttlə inkişaf edir. Ötən mitindən fərqli olaraq iştirakçıların əksəriyyəti oturaq mitinqlərə keçməyi dəfələrlə müxalifət liderlərindən tələb edib. Artıq mitinq dalğası ölkənin regionlarına da yayılmaqdadır. Müşahidəçilər hesab edir ki, hökumət etirazlara reaksiya verməzsə növbəti akstiyalarda iştirakçıların emosiyası daha da güclənəcək və oturaq aksiyalar başlaya bilər.
XS
SM
MD
LG