Accessibility links

Bakıda Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi açılıb  


Bakıda “Bakutel 2008” 14-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi açılıb. Sərgidə dünyanın 21 ölkəsindən 100-dən çox şirkət iştirak edir. Ekspozisiyalarda telekommunikasiya və şəbəkələr, geniş zolaqlı rabitə və texnologiyalar, simli və simsiz rabitə, peyk əlaqəsi və texnologiyalar, teleradio yayım avadanlıqları və texnologiyaları, proqram təminatı və avtomatlaşdırma sistemləri, informasiya və ofis texnologiyaları, təhlükəsizlik sistemləri, bank texnologiyaları və xidmətləri, elektron biznes və elektron hökumət mövzularına dair məhsullar və xidmətlər təqdim olunub. Sərginin açılış mərasimində prezident İlham Əliyev iştirak edib. O bu tipli tədbirlərin ölkədə qeyri-neft sektorunun inkişafında böyük rol oynadığını vurğulayıb. Dövlət başçısının dediyinə görə, Azərbaycan iqtisadiyyatının ən dinamik inkişaf edən sahələrindən biri də İnformasiya Kommunikasiya Texnologiyaları sahəsidir. Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov sərginin Bakıda keçirilməsinin əsas səbəbinin regionda, xüsusən Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişafı olduğunu bildirib. Onun sözlərinə görə, Davos İqtisadi Forumunun “Texnoloji inkişaf” hesabatına əsasən, hazırda Azərbaycan bu sahədə inkişaf sürətinə görə MDB məkanında birinci, dünyada isə 127 ölkə arasında 67-ci yeri tutur. Nazirin fikrincə, sərgini fərqləndirən əsas cəhətlərdən biri peyk rabitəsi sektoruna marağın artmasıdır. Hazırda Azərbaycan kosmik sənayenin formalaşması mərhələsindədir. Orbitə milli telekommunikasiya peyklərinin buraxılması planlaşdırılır ki, bu da ölkədə yüksək texnologiyaların geniş tətbiqinə təkan verəcək. Cənab Abbasov dünyada informasiya texnologiyaları sahəsində ciddi canlanmanın müşahidə edildiyini də diqqətə çatdırıb. O regional elektron bazarın yaranmasında sərginin mühüm rolunu qeyd edib. Nazirin fikrincə, regional elektron bazarın yaranması dünyada rəqabət mühitini yaxşılaşdırar, qiymətlərə təsir edər. Sərgidə “Microsoft” şirkətinin pavilyonunda ilk dəfə olaraq “Windows XP” proqramının Azərbaycan dilində olan variantı nümayiş etdirilib. Bildirilib ki, şirkət Azərbaycanın rabitə və informasiya texnologiyaları, təhsil nazirlikləri ilə birgə daha bir neçə layihə üzərində işləyir.
Bakıda eyni zamanda sərgi çərçivəsində regional nazirlərin “Transmilli Avrasiya İnformasiya Supermagistralı” mövzusunda konfransı keçirilib. Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, Azərbaycan Şərq-Qərb super informasiya magistralı yaradılması layihəsinin həyata keçirilməsi təşəbbüsünü irəli sürür. Onun sözlərinə görə, layihənin həyata keçirilməsi region ölkələrini ucuz və keyfiyyətli İnternetlə təmin etməyə imkan verəcək, yüksək texnologiyaların inkişafına, regional elektron bazarın yaradılmasına şərait yaradacaq. Konfrans iştirakçıları olan dövlətlər və təşkilatlar - Türkiyə, ABŞ, Estoniya, Litva, Hindistan, Sloveniya, İordaniya, Rusiya, Gürcüstan, Moldova, Qazaxıstan, Əfqanıstan, Türkmənistan, İran, Ukrayna, Malayziya, Misir, Belorus, UNDESA (United Nations - Department of Economic and Social Affairs), TAE (Trans-Asia-Europe layihəsi), RRB (United States Railroad Retirement Board) nümayəndələri) layihəyə siyasi dəstək, İnternetin qiyməti və digər məsələləri müzakirə edib. Yekunda Transmilli Avrasiya İnformasiya Supermagistralı haqda Bakı Bəyannaməsi qəbul edilib.
Sənəddə görüş iştirakçıları yüksək səviyyəli səhiyyə, sosial-iqtisadi inkişaf və demokratiyanın təmin edilməsi məqsədilə qlobal informasiya infrastrukturlarının yaradılması zərurətini təsdiq edib, cəmiyyətdə kompüter savadı, rabitə, kompüter texnikası, elektronika və media olmadığına görə informasiya əldə etmək imkanı sahəsində bərabərsizliyə qarşı fəal addımlar atmaq zərurətini vurğulayıb.

XS
SM
MD
LG