Accessibility links

Azərbaycanda bir milyonadək qaçqın, məcburi köçkün və qaçqın statusu almaq istəyən var


Azərbaycanda bir milyonadək qaçqın, məcburi köçkün və «qaçqın» statusu almaq niyyətində olan sığınacaq axtaran şəxs var. Azərbaycanın Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Sənan Hüseynov “Amerikanın səsi” radiosuna bildirib ki, məcburi köçkünlər ölkənin 62 şəhər və rayonunda, 1600 - dən çox sıx məskunlaşma obyektində müvəqqəti məskunlaşıb.
Bundan başqa, hazırda Azərbaycanda 3 min nəfərdən çox «qaçqın» statusu almaq niyyətində olan sığınacaq axtaran şəxs var. Onlar çeçen mənşəli Rusiya vətəndaşları, Əfqanıstan, İran, İraq və Fələstindən olan şəxslərdir.
Cənab Hüseynovun sözlərinə görə, Azərbaycan hökumətinin qərarı ilə məcburi köçkünlərin uzun müddət yaşadığı çadır düşərgələri artıq bütövlükdə ləğv edilib. Onlarla yeni qəsəbələr salınıb. Eyni zamanda məcburi köçkünlərin minimum sosial tələbatları dövlət büdcəsi hesabına ödənilir. Qlobal iqtisadi böhran onların müavinətlərinin azalmasına təsir etməyib.
Bununla yanaşı, artıq beynəlxalq təşkilatlar qaçqın və məcburi köçkünlərə humanitar yardımlarını demək olar ki, bütövlükdə dayandırıb. Qlobal iqtisadi böhran bu sahədə daha təsirli olub. “Tərəqqi” Sosial İnkişaf İctimai Birliyinin eksperti Şərqiyyə Dadaşovanın dediyinə görə, böhran məhz sosial cəhətdən zəif müdafiə olunan ailələrdən başlayır.
Xanım Dadaşova hazırda çadır düşərgələri ləğv edilsə də, çoxsaylı insanların yataqxanalarda, yarımçıq binalarda sığınacaq tapdığını deyib. Məhz bu insanların sosial durumu o qədər də yaxşı deyil.
Yataqxanada yaşayanlardan biri də Fədai müəllimdir. Fədai müəllimin altı ailə üzvü var. Amma qaçqınlar və məcburi köçkünlər sosial çətinliklərindən danışmağa o qədər də həvəsli görünmür. Onlarda bütün sosial çətinliklərdən yüksəkdə duran bir yurd-yuva istəyi var. Münaqişənin tezliklə siyasi həllini istəyirlər.

XS
SM
MD
LG