ABŞ-ın “Açıq Cəmiyyət” İnstitutunun “Analitik qruplara yardım proqramı” daxilində hazırlanan yazıların təqdimatına həsr edilmiş ikigünlük konfrans açılıb. Konfransda regional təhlükəsizlik, iqtisadi islahatlar, təhsil islahatları və Azərbaycanda müstəqil siyasi araşdırmaların inkişafı məsələləri ilə bağlı tədqiqat işləri təqdim ediləcək.
Müzakirələrdə Gürcüstanda sosial-iqtisadi inkişaf və onun Azərbaycana təsirləri, Azərbaycanın milli təhlükəsizlik durumu ilə bağlı təqdimatlar olub.
Müəllif qrupu son beş ildə Gürcüstan sosial-iqtisadi və institusional islahatlarının iqtisadiyyata təsirlərini tədqiq etdikdən sonra Azərbaycan hökuməti üçün tövsiyələr hazırlayıb. Tədqiqat qrupunun gəldiyi nəticəyə görə, müqayisə olunan iki ölkənin sosial-iqtisadi islahatlarının diskursu bir-birindən kəskin fərqlənir. Tədqiqat qrupunun üzvü Kənan Aslanlı bildirib ki, əgər Gürcüstan islahatlar konsepsiyasında birmənalı olaraq Avropa İttifaqının xəttini götürübsə, Azərbaycanda daha çox Rusiya hakimiyyətinin son zamanlar apardığı siyasi xətt açıq-aydın sezilir. Xarici siyasətdə diversifikasiya, əslində dövlət idarəçilik islahatlarına da təsir edir.
Təqdimatda qeyd olunub ki, Gürcüstanda sosial korrupsiyaya qarşı yönələn köklü inzibati islahatlar nəticəsində icazə sistemi minimuma endirilib və belə islahatların Azərbaycanda həyata keçirilməsi daha realdır.
“Gürcüstanda idarəetmə sistemində aparılan islahatlar ağrılı gedir. Azərbaycan bu islahatları hakim komandaya professionalları cəlb etməklə, texnokratlardan ibarət komanda yaratmaqla apara bilər. Bununla yanaşı, idarəetmə kadrlarının tədricən gəncləşdirilməsi üçün xüsusi məlumat bazası formalaşdırıla bilər. Eyni zamanda, Azərbaycanda bürokratiyanın biznesdən tədricən ayrılması realdır. Cari böhran ilində Azərbaycanın əsas diqqəti rəqabət mühitinin formalaşdırılmasına yönəlməlidir”, - deyə müəllif qrupunun digər üzvü İnqilab Əhmədov bildirib.
Azərbaycanın milli təhlükəsizliyi ilə bağlı müzakirələrdə, bir qayda olaraq, ölkədə təhlükəsizlik səviyyəsi “təhlükəli” qiymətləndirilib. İlk öncə qeyd edilib ki, hökumətin strateji proqramları ilə real siyasəti arasında ciddi fərqlər var. Belə ki, əsas sənədlərdə birmənalı şəkildə Azərbaycanın Avroatlantik məkana inteqrasiyası vurğulanır. “Reallıqda isə, Azərbaycan nə Avropa institutlarına, nə NATO-ya, nə də Avropa İttifaqına inteqrasiyanı genişləndirmir. Əskinə, Rusiyaya inteqrasiya tempi günbəgün artır. Avropaya inteqrasiya azad seçkilərdən, media azadlığından, demokratiyanın dərinləşməsindən keçir”, - deyə tədqiqatın müəllifi Sülhəddin Əkbər qeyd edib.
Təhlükələr arasında Azərbaycan xarici siyasətinin çoxvektorlu olması da qeyd edilib. Ən böyük təhlükə isə Ermənistan-Azərbaycan münaqişəsinin həllini tapmamasıdır. “Bu, yalnız Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi ilə bitmir. Münaqişənin dərin siyasi, iqtisadi, sosial, humanitar kökləri var”, - deyə cənab Əkbər vurğulayıb.