Accessibility links

Ban Ki-mun: İnsan hüquqlarının tapdanması əxlaqi dəyərlərimizi korlamaqdadır


BMT Baş Katibi Ban Ki-mun 20 fevral – Ümumdünya Sosial Ədalət Günü münasibəti ilə müraciət qəbul edib.

Sənəddə deyilir ki, sosial ədalət millətlərin həm öz daxilində, həm də digər millətlərlə birgə dinc yanaşı yaşaması və inkişaf etməsi üçün zəmin yaradan ən ümdə prinsipdir. “Biz gender bərabərliyi, aborigen xalqların və ya mühacirlərin hüquqlarını irəli çəkərkən sosial ədalət prinsiplərinə söykənirik. Cinsi aidiyyəti, yaş həddi, irqi, etnik, dini, həmçinin, mədəni mənsubiyyəti və ya əlilliyi baxımından insanlar arasında yaranan maneələri aradan qaldırarkən biz məhz sosial ədaləti inkişaf etdirmiş oluruq.”

Baş katib bildirir ki, insan ləyaqətini və ümumi inkişafı irəli çəkmək məqsədilə hamı üçün sosial ədalət şəraitinin yaradılması Birləşmiş Millətlər Təşkilatının qlobal missiyasının əsasını təşkil edir. “Ötən il Beynəlxalq Əmək Təşkilatı tərəfindən Ədalətin Qloballaşması naminə Sosial Ədalət haqqında Bəyannamənin qəbul edilməsi ümumilikdə BMT sisteminin sosial ədalətə olan bağlılığının ən son zamanlara təsadüf edən bir nümunəsidir. Bəyannamə işəgötürmə, sosial müdafiə, sosial dialoq, iş yerində fundamental prinsip və hüquqların təminatı baxımından ədalətin təmin olunmasını ehtiva edir.”

Cənab Ban Ki-mun hesab edir ki, sosial ədalət hələ də bəşəriyyətin böyük bir hissəsi üçün əlçatmaz arzu olaraq qalması acınacaqlı haldır. “İfrat yoxsulluq, aclıq, ayrı-seçkilik və insan hüquqlarının tapdalanması əxlaqi dəyərlərimizi korlamaqdadır. Ümumdünya maliyyə böhranı bu mənfi halları bir qədər də ağırlaşdırır. Ümumbəşəri stabillik və inkişafa nail olmaq insanların münasib həyat şəraiti və bərabər imkanlarla təminatından asılıdır. Sosial ədalətin yoxluğu hamımız üçün təhqir hesab olunmalıdır. Ümumdünya Sosial Ədalət Gününün bu ilk ildönümündə sizi sosial ədalət prinsipləri baxımından daşıdığımız məsuliyyəti və bu ədalətə nail olmaq üçün labüd olan strategiyalar və qaydalar toplusunu bir daha yada salmağa və yeniləşdirməyə çağırıram” – deyə baş katib qeyd edir.

Bu il, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 2007-ci ildə elan etdiyi Ümumdünya Sosial Ədalət Günü ilk dəfə olaraq qeyd edilir.Bu günün qeyd edilməsində başlıca məqsəd bütün işimizdə rəhbər tutulması zəruri olan bir ünsür kimi sosial ədalətin əhəmiyyətini vurğulamaqdır.


XS
SM
MD
LG