Accessibility links

Azərbaycanda su və kanalizasiya sistemi yenidən qurulur


Azərbaycanın kanalizasiya sisteminin yenidən qurulması üçün 1 milyard 200 milyon manatdan çox vəsait tələb olunur.

Hazırda Bakı şəhəri bütövlükdə su ilə təchiz olunub, 80 faiz əhalinin isə kanalizasiyaya çıxışı var. Bu barədə bu günki mətbuat konfransında “Azərsu” Səhmdar Cəmiyyətinin prezidenti Nizaməddin Rzayev bildirib.

Onun sözlərinə görə, artıq bir çox maliyyə institutları ilə ölkənin su və kanalizasiya sistemlərinin yenidən qurulması üçün kredit ayrılması üçün danışıqlar aparılır və bir çox müqavilələr imzalanıb.

Sədr hazırda su və kanalizasiya sistemlərində yenidənqurma işlərinin davam etdirildiyini deyib. Onun sözlərinə görə, ötən il Azərbaycanın şəhər və rayonlarında 141 km uzunluğunda su və 130 km kanalizasiya xətti çəkilib. «İl ərzində tutumu 1700 kubmetr olan 4 su anbarı tikilib, 6400 kubmetrlik su anbarı yenidən qurulub, 9 su qəbuledici kompleks, 2 su nasosu stansiyası quraşdırılıb, həcmi 1000 kubmetr olan 5 kanalizasiya nasos stansiyası inşa olunub. Bakı şəhərində 5,3 km uzunluğunda su xətti, 12,9 km uzunluğunda kanalizasiya xətti çəkilib, 1 kanalizasiya nasos stansiyası yenidən qurulub, həcmi 500 kubmetr olan su anbarı və həcmi 1000 kubmetr olan iki çirkab su anbarı tikilib».

Cənab Rzayev ötən il 400 mindən çox insanın su təchizatının yaxşılaşdırıldığını deyib. Regionlar 40-50%, Bakı şəhəri 100% içməli su ilə təchiz olunur. Ancaq Bakıda əhalinin 40%-nə daimi, 60%-nə isə fasilələrlə su verilir. Onun dediyinə görə, xüsusilə regionlarda suyun keyfiyyətinin yaxşılaşdırılması istiqamətində işlər görülməlidir.

Vətəndaşların sosial haqlarının müdafiəsi koalisiyasının üzvü Mehman Əliyev hesab edir ki, ölkədə su və kanalizasiya sisteminin yenidən qurulması üçün vahid plan hazırlanmalıdır. Onun sözlərinə, ölkə üzrə adambaşına gündə 200 litr su düşür və su fasilələrlə verilir. Əhalinin böyük hissəsinin isə kanalizasiyaya çıxışı yoxdur. Koalisiyanın hesablamalarına görə, bütün əhalinin su və kanalizasiya əl çatımlılığı üçün 2 mlrd manatdan çox vəsait tələb olunur.

Bakının mərkəzində əhali arasında keçirdiyim sorğuda isə daha çox razılıq hiss olunur. İnsanlar son zamanlar Bakının mərkəzi rayonlarında su və kanalizasiya ilə bağlı problemlərin azaldığını deyir.

XS
SM
MD
LG