Accessibility links

Azərbaycanın su və kanalizasiya sistemi


2008-ci ildə respublikada su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması üçün 252.2 kilometr uzunluğunda su xətti, 85.4 kilometr uzunluğunda kanalizasiya kollektoru quraşdırılıb, 3 su qəbuledici qurğu, 2 kanalizasiya nasos stansiyası, 4 istehsal binası tikilib, 7 subartezan quyusu qazılıb. Ötən il ümumi həcmi 15.350 kubmetr olan 9 su anbarı tikilib, gücü sutkada 16.000 kub metr olan 1 təmizləyici qurğu yenidən qurulub, ümumi gücü sutkada 206200 kub metr olan 3 təmizləyici qurğular kompleksinin tikintisi üzrə işlər davam etdirilib. Bu barədə "Azərsu" Səhmdar Cəmiyyətinin prezidenti Nizaməddin Rzayev bu gün keçirdiyi mətbuat konfransında bildirib.Onun sözlərinə, 2008-ci ildə regionlarda da tikinti və yenidənqurma işləri davam etdirilib.

Cənab Rzayevin dediyinə görə, 2008-ci ildə ölkə üzrə 110 milyon manatlıq xidmət göstərib. Göstərilən xidmətin əvəzində su və kanalizasiya xidmətləri haqqının yığım səviyyəsi 67,6 faiz, o cümlədən əhali üzrə 46,7 faiz, müəssisələr üzrə 91,9 faiz təşkil edib. O bildirib ki, ölkədə abonentlərin 33 faizi su sayğacları ilə təmin edilib və bu Bakıda 50 faiz təşkil edib.

"Azərsu" prezidenti hazırda Bakı şəhərində abonentlərin -45%-nin fasiləsiz olaraq su ilə təmin olunduğunu, qalanlara isə qrafiklə su verildiyini deyib. Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verildikdən sonra Bakıda fasiləsiz su təminatı 65%-ə çatacaq.
Öz növbəsində, Vətəndaşların Sosial Hüquq və Maraqlarının Müdafiəsi koalisiyasının üzvü Mehman Əliyev su təchizatı sahəsində çoxsaylı problemlərin olduğunu deyib. Onun sözlərində görə, əhaliyə verilən içməli suyun keyfiyyəti aşağıdır və kanalizasiya sistemi köhnəlib. Ekspertin fikrincə, yüksək mərtəbəli binalardan fərqli olaraq fərdi evlərin su və kanalizasiya sistemi yaxşı təşkil edilməyib.

Cənab Əliyev sayğaclaşma prosesinin də ləng həyata keçirildiyini deyib.


XS
SM
MD
LG