Accessibility links

Rəcəb Tayyib Ərdoğan: 'Türkiyə-Azərbaycan yaxınlığını heç kimin müzakirə etməsinə icazə vermərik'


Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycanda səfərdədir. O Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüş keçirdikdən sonra Milli Məclisdə deputatlar qarşısında çıxış edib.

Baş nazir ilk öncə Türk və Azərbaycan xalqları arasında qardaşlığın gerçək olduğunu və tarixə dayandığını diqqətə çatdırıb. “Türkiyədən 71, 5 milyon qardaşlarınızın salamlarını gətirmişik. Ankaradan Bakıya, İstanbuldan Laçına, Bursadan Şirvana, İzmirdən Ağdaşa salam olsun. Türk və Azərbaycan xalqları arasında qardaşlıq gerçəkdir”.

O Azərbaycanın hürriyyətiinin, müstəqilliyinin Türkiyə üçün əziz olduğunu diqqətə çatdırıb. “Bizi təkcə bu gün deyil, tarix birləşdirir. Tarix boyu eyni nağıllar, eyni musiqi, eyni oyunlarla böyümüşük. Atatürkün dediyi kimi, Azərbaycanın kədəri bizim kədərimiz, xoşbəxtliyi bizim xoşbətliyimizdir. Bakıda Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmış türk əsgərləri dəfn olunub, Azərbaycan dövlətinin banisi Məmməd Əmin Rəsulzadənin qəbri isə Ankaradadır».

Baş nazirin fikrincə, Türkiyə - Azərbaycan münasibətlər başqa ölkələrlə müqayisə edilməyəcək dərəcədə dərin və yaxındır. “Bu yaxınlığı heç kimin müzakirə mövzusu etməsinə icazə vermərik. Beynəlxalq aləmdə bir-birimizin hüququnu qorumaq ölkələrimizin vəzifəsidir. Bizim aramızda fitnə-fəsada əsla yer olmamalıdır”.

Cənab Ərdoğan 2008-ci ildə iki ölkə arasında prezident və baş nazirlər səviyyəsində 10, müxtəlif nazirlər səviyyəsində 30-a qədər qarşılıqlı səfər edildiyini diqqətə çatdıtrıb.

“İqtisadi münasibətlərimiz, siyasi münasibətlərlə paralel inkişaf edir. Qarşılıqlı ticarət həcmimiz son 4 ildə 40 faiz artaraq, 2008-ci ilin sentyabrında 2 milyard dolları keçib. Azərbaycanın qeyri-neft sektoruna sərmayəmiz 3 milyard dolları keçib. Bu, daha da artacaq”.

Baş nazir son dövrlər Türkiyənin Azərbaycanın iradəsinin əksinə olaraq Ermənistanla sərhədləri açacağı ilə bağlı məlumatlara da aydınlıq gətirib. O Qarabağdan imtina etməsi ilə bağlı fikirlərin Türkiyəyə atılan böhtan olduğunu bildirib. “Bunlar hamısı Türkiyə əleyhinə çevrilmiş kampaniya idi. Türkiyə Ermənistanla sərhədlərini Dağlıq Qarabağ işğal olunandan sonra bağladı və sərhədlər Dağlıq Qarabağ problemi həll edildikdən sonra açılacaq”.

Cənab Ərdoğanın fikrincə Qafqaz bölgəsi dünya xəritəsində müqayisə edilməyəcək dərəcədə önəm daşıyır. “Bölgədə uzun illərdir davam edən böyük münaqişələr var. Xüsusilə ötən ilin avqustunda Rusiya ilə Gürcüstan arasında yaranmış münaqişə bir daha göstərdi ki, problemlər həll olunmasa, qaynar nöqtələr yarana bilər. Qafqazda sülhün və təhlükəsizliyin təminatı üçün «Qafqaz əməkdaşlıq və sabitlik platforması»nın böyük önəm daşıdığını düşünürük. Bu platformaya Azərbaycanın da dəstək verməsi bizi sevindirir”.

Baş nazir Türkiyənin Qarabağla bağlı siyasətini bir daha bəyan edib. "Türkiyə Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinin tərəfdarıdır. Ermənistanla münasibətlərimizi həll etmək üçün müzakirələr aparanda da bunu düşünmüşük. Məqsədimiz yalnız Türkiyə-Ermənistan münasibətlərini nizamlamaq deyil, Azərbaycan ilə birlikdə bölgənin sülh və rifahı üçün səy göstərməkdir”.

O ABŞ prezidenti Barak Obama ilə görüşlərdə də əsas müzakirə mövzusunun Türkiyə-Amerika münasibətləri deyil, Azərbaycan-Ermənistan münasibətləri olduğunu deyib. “Bu yolla Dağlıq Qarabağ problemini ABŞ-ın xarici siyasətində gündəmə gətirdik. Azərbaycanın milli mənafeyinə heç zaman xələl gətirəcək addımlar atmamışıq, bundan sonra da atmayacağıq”.

Türkiyə baş naziri hesab edir ki, Azərbaycan əraziləri işğaldan azad olmayınca bölgədə normal münasibətlər mümkün olmayacaq. “Dağlıq Qarabağ problemində irəliləyiş olmazsa, Cənubi Qafqazda sülhün təmin olunması mümkün deyil”.

”Türkiyə baş nazirinin çıxışı iki ölkə arasındakı son narahatlığı aradan qaldıracaq”. Bu bəyanatla isə “Amerikanının səsi” radiosuna müsahibəsində həm iqtidar, həm müxalifət, həm də müstəqil deputatlar çıxış edib.

İqtidarda olan YAP sədr müavini Əli Əhmədov hesab edir ki, Türkiyə baş nazirinin çıxışı qardaşlıq fəlsəfəsinə tam uyğundur. “Ən yüksək səviyyədə bildirilib ki, Qarabağ münaqişəsi tənzimlənməyincə, Türkiyə sərhədləri açmayacaq”.

Müstəqil deputat Cəmil Həsənli iki qardaş dövlət arasında nifaq salmağın mümkün olmadığı fikrindədir. “Türkiyə heç vaxt Azərbaycanın əleyhinə addım atmayacaq”.

Müxalifətdə olan “Müsavat” partiyasının üzvü, deputat Arzu Səmədbəylinin fikrincə, cənab Ərdoğanın bəyanatları həm Türkiyədə, həm də Azərbaycanda son gərginliyin səngiməsinə səbəb olacaq. “Türkiyə baş naziri bütün narahatlıqlara son qoydu. Qarabağ problemi Ankaranın siyasətinin gündəliyində qalmaqdadır və əsas olan da budur. Düşünürəm ki, indi həm Türkiyədə, həm də Azərbaycanda hamı sakitləşə bilər”.

Türkiyənin A televiziyasının baş yazarı Beydulla Ağyanar da Türkiyə baş nazirinin bəyanatının son gərginliyə tam aydınlıq gətirdiyi fikrindədir.

“Bu çıxış Azərbaycan-Türkiyə qardaşlığının təzahürüdür. Bizi həm də 1918-ci il Azərbaycan Xalq Cümhuriyyəti və Atatürk tərəfindən əsası qoyulmuş Türkiyə Cümhuriyyəti dəyərləri birləşdirir. Biz onlara sadiq qalırıq”- deyə Demokratik İslahatlar partiyasının sədri, deputat Asim Mollazadə bildirib.

”Böyük Quruluş” partiyasının sədri, deputat Fazil Qəzənfəroğlu hesab edir ki, Türkiyə əleyhinə çıxışlar çox tələsik idi. “Cənab Ərdoğan birmənalı şəkildə bildirib ki, Türkiyə heç vaxt Azərbaycanın milli maraqlarına zidd addımlar atmayacaq”.


XS
SM
MD
LG