Accessibility links

İqtisadi Əməkdaşlıq Təşkilatının sammitinə ekspert münasibətləri


Tehranda İqtisadi Əməkdaşlıq Təşkilatının 10-cu sammiti keçirilib. Sammitdə üzv ölkələr - İran, Pakistan, Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Əfqanıstanın dövlət və hökumət başçıları iştirak edir.
Gündəliyə regional inteqrasiya məsələləri, o cümlədən, birgə irimiqyaslı layihələrin, tranzit daşımaların həyata keçirilməsi, energetika məsələləri, habelə, dünya iqtisadi böhranının doğurduğu problemlər daxil edilib.
Sammit çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev üzv dövlətlərin rəhbərləri ilə görüşlər keçirəcək.
Türkiyə prezidenti Abdulla Gülün İrana səfər xüsusilə diqqət mərkəzindədir. Türkiyə prezidenti İran prezidenti və dini rəhbəri ilə görüşlərindən sonra İran-Amerika münasibətlərində yumşalma hiss olunduğunu bildirib. “Görüşlər müsbət və xeyirli idi. Hər iki tərəfdən vəziyyəti müsbət istiqamətdə dəyişmək arzusu gördüm. İran Amerika münasibətlərində yumşalma və inamın artması qarşılıqlı bəyanatlarda özünü göstərəcək və bu proses artıq başlayıb: Bu baxımdan 180 dərəcə dəyişikliklər var, amma 30 il həll edilməyən məsələləri bir anda həll etmək mümkün deyil” - deyə Türkiyə prezidenti bəyan edib.
Ekspertlər İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında iqtisadi, ticarət və siyasi əməkdaşlığı yüksək və səmimi olduğuna inanmır. İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehdiyev hesab edir ki, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında iqtisadi əlaqələr və ticarət dövriyyəsi o qədər də yüksək deyil. Onun fikrincə, üzv dövlətlərin əksəriyyəti Azərbaycanın informasiya texnologiyaları və digər məhsulları üçün yaxşı bazar ola bilər. Cənab Mehdiyev hesab edir ki, Azərbaycan Orta Asiya ölkələri, Pakistandan daha çox xammal ala bilər. Ancaq İran və Türkiyə bir qədər fərqlidir.
Politoloq Qabil Hüseynli təşkilata üzv dövlətlərin Azərbaycana münasibətlərində fərqli cəhətlərin olduğunu deyib. Onun fikrincə, istər İran, istərsə də bir sıra Orta Asiya ölkələri Azərbaycana qarşı münasibətdə səmimi deyil.
Politoloq Türkiyə prezidentinin Amerika və İran arasında vasitəçiliyinin nəticə verəcəyinə də inanmır. Belə ki, İranın nüvə proqramlarından əl çəkəcəyi və insan haqları sahəsində islahatlar aparacağı görünmür.


XS
SM
MD
LG