Accessibility links

Azərbaycan Milli Məclisinə on dairə üzrə təkrar seçkilər keçirilib


Bu gün Milli Məclisə seçkilər üzrə 10 seçki dairəsində təkrar seçkilər keçirilib. Seçkilərdə deputatlıq uğrunda 124 namizəd mübarizə aparıb. Namizədlərin 60-ı bitərəf, 17-si partiya təmsilçiliyini göstərməyənlər, qalanları isə 17 siyasi partiyanın təmislçiləridir. Təkrar seçkiləri 165 beynəlxalq, 6500 yerli müşahidəçi və namizədlərin 522 səlahiyyətli nümayəndəsi müşahidə edib. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçkilərin yüksək seçici fəallığı ilə müşahidə olunduğunu bildirib. Onun sözlərinə görə, kiçik qayda pozuntuları olmasına baxmayaraq səsvermə beynəlxalq standartlara cavab verir. O seçkinin gedişi ilə bağlı MSK-ya daxil olan şikayətlərə ciddi baxılacağını önə çəkib. Namizədlər isə daha ciddi qanun pozuntularından danışır. 44 saylı Sumqayıt-Abşeron seçki dairəsindən dörd namizəd bəyanatla çıxış edərək yerli hakimiyyət orqanlarının bir namizədin xeyrinə təbliğat apardığını bəyan edib. 110 saylı Zaqatala seçki dairəsində Müsavat partiyasının namizədliyini müdaifə etdiyi Arif Hacılı da ciddi qanun pozuntularından danışıb. Onun sözlərinə görə, yerli hakimiyyət orqanları «Yeni Azərbaycan» partiyasının namizədinin xeyrinə işləyir. Öz növbəsində Bakı şəhərində bir çox beynəlxalq müşahidəçilər qanun pozuntusu ilə rastlaşmadığını bildirir. Onların fikrincə, seçkilər sakit və demokratik şəraitdə keçir. Avropa Şurasının müşhaidəçisi, Fransa Senatının senatoru Jan-gi Branje də müşahidələrindən razıdır. «Gördüklərimə əsaslanaraq deyə bilərəm ki, seçkilər normal və Avropa Şurası standartlarına uyğun keçir. İndiyədək hər hansı seçiciyə təsir edildiyi, səsverməyə mane olunması faktları ilə rastlaşmamışam». 31 saylı Suraxanı seçki dairəsində müşahidə aparmış Daniel Kaste də müşahidələrinin nəticəsindən razıdır. «İndiyədək baş çəkdiyimiz seçki məntəqələrində qanun pozuntusu müşahidə etməmişik. Hər şey normaldır». Müsavat partiyası hər seçki dairəsi üzrə bir namizədi, yəni 10 namizədi müdafiə edir. Partiyanın başqanı İsa Qəmbər bütün seçki dairələrində qanun pozuntularının olduğunu bildirir. Onun sözlərinə görə, qanun pozuntuları əsasən yerli hakimiyyət orqanları tərəfindən həyata keçirilir. Cənab Qəmbər Amerikanın səsi radiosuna Müsavat partiyasının 2005-ci ilin noyabrında keçirilmiş parlament seçkilərinin nəticələrini tanımadığını və təkrar seçkilərə isə müzakirələrdən sonra münasibət bildiriləcəyini vurğulayıb. İqtidarda olan «Yeni Azərbaycan» partiyasının sədr müavini Əli Əhmədov deyilənləri əsassız sayır. Onun sözlərinə görə, seçkiləri uğurlu təbliğat aparanlar udur.
XS
SM
MD
LG