Accessibility links

Transxəzər qaz boru kəməri müzakirə olunur


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Amerika Ticarət və İnkişaf Agentliyinin nümayəndəsi Daniel Staynın görüşündə Transxəzər qaz kəməri layihəsi diqqət mərkəzində olub. XİN mətbuat xidmətinin məlumatına görə, cənab Stayn Avropanın enerji təhdükəsizliyi və alternativ enerji mənbələri baxımından bu marşrutun vacibliyini qeyd edib. Onun sözlərinə görə, layihə Qazaxıstan qazının da Avropaya nəqlinə imkan verəcək. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın Transxəzər qaz kəmərinin reallaşmasında maraqlı olduğunu və enerji təhlükəsizliyi baxımından önəmini vurğulayıb. O bildirib ki, fevralın sonlarında Bakıda enerji təhlükəsizliyi məsələlərinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək. Nazir Azərbaycanın təkcə qaz istehsalçısı kimi yox, həm də tranzit ölkə kimi imkanlarını qeyd edib.Cənab Məmmədyarov Azərbaycanın bu məsələ ilə bağlı Amerika Ticarət və İnkişaf Agentliyi, o cümlədən Dövlət Departamentilə əməkdaşlığının vacibliyini vurğulayıb. Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev isə bildirib ki, Türkmənistan qazının Azərbaycan ərazisi ilə Türkiyəyə ixracı üçün Transxəzər boru kəmərinin tikintisi 5 mlrd dollara başa gələ bilər. "Transxəzər qaz boru kəməri layihəsi vaxtı ilə Türkmənistanın təşəbbüsü ilə irəli sürülüb. Bununla bağlı Türkmənistanla Türkiyə arasında boru kəmərinin 30 mlrd kübmetrə qədər genişləndirilməsi və Avropaya 14 mlrd kubmetr qazın satışı şərti ilə ildə 16 mlrd kubmetr qazın alqı-satqısına dair saziş də imzalanıb. Bu layihə üzrə böyük planlar var idi. Biz onun üzərində işləyirdik, onu dəstəkləyirdik, lakin layihə kağız üzərində qaldı. 1996-cı ildə layihənin dəyəri 2,5 mlrd. dollar həcmində qiymətləndirilirdi, indi isə Azərbaycandan Türkiyəyə qaz ixracı üçün Cənubi-Qafqaz boru kəmərinin tikintisi nəzərə alınmaqla, hesab edirəm ki, bu rəqəm $5 mlrd. dolardan az olmayacaq». Nazirin sözlərinə görə, son zamanlar, xüsusən Türkiyənin xarici işlər nazirinin Aşxabada rəsmi səfəri ilə əlaqədar layihə ətrafında canlanma yaranıb.«Səfər zamanı Transxəzər boru kəmərinin Xəzər regionu, ilk növbədə Türkmənistan üçün əhəmiyyəti bir daha vurğulanmışdı. Məlumatıma görə, Türkiyənin xarici işlər naziri ilə Türkmənistan rəhbərliyi arasında layihənin reabilitasiyasının başlanması müzakirə olunub. Digər tərəfdən bu gün bütün Avropa bu məsələdə maraqlıdır. Kiçik Asiya, ilk növbədə İran, Türkmənistan, Qazaxıstan qazının Avropaya nəqlinə dair Avropanın dəstəklədiyi bir sıra layihələr mövcuddur". Azərbaycanın Transxəzər boru kəmərinin tikintisində iştirakına gəlincə, nazir, bu barədə danışmağın hələ tez olduğunu deyib. «Hesab edirəm ki, Azərbaycan bu layihədə iştirak etməli deyil və ona vəsait yatırmamalıdır. Bu, Türkmənistana, Türkiyəyə və ya Avropa bazarlarına qaz nəql edəcək şirkətlərə aiddir"- deyə o qeyd edib. Transxəzər qaz boru kəmərinin uzunluğu 2 min kilometr nəzərdə tutulub. Kəmərin 300 kilometri Xəzərin dibindən, 715 kilomteri Türkmənistan, 408 kilometri Azərbaycan, 200 kilometri Gürcüstan, 320 kilometri isə Türkiyə ərazsindən keçəcək.
XS
SM
MD
LG