Accessibility links

XİN-in mətbuat katibi Ermənistan-Azərbaycan münaqişəsinin ərazi bütövlüyü çərçivəsində həll olunacağını bildirir


Azərbaycan xarici işlər nazirliyinin mətbuat katibi Xəzər İbrahim bu gün keçirdiyi brifinqdə bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan-Azərbaycan münaqişəsinin yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə cəhd göstərir. Həmsədrlər Praqa prosesi çərçivəsində Madrid prinsipləri əsasında Azərbaycanın və Ermənistanın təkliflərinə uyğun yeni variant hazırlayır. Mətbuat katibi bildirib ki, danışıqların hazırki mərhələsində əsasən Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş rayonlarından çıxarılması və məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması məsələləri müzakirə olunur. Onun sözlərinə görə, Dağlıq Qarabağın statusu məsələsi danışıqların növbəti mərhələsinin mövzusudur. Azərbaycan ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa ən yüksək status verməyə hazırdır. Mətbuat katibi Xarici İşlər Nazirliyinin müharibə cinayətləri və qeyri-qanuni hərəkətlərlə bağlı sənədlərin toplanması işini davam etdirdiyini bildirib. Onun dediyinə görə, faktlar beynəlxalq normalara uyğun qovluqlaşdırılır və müvafiq vaxtda beynəlxalq təşkilatlara təqdim ediləcək. Cənab İbrahim Türkmənistanla Azərbaycanın münasibətlərində müsbət irəliləyişlərin olduğunu deyib. Onun sözlərinə görə, Aşxabadda bu günlərdə keçirilən yüksək səviyyəli görüşlərdə hətta Xəzərin hüquqi statusu ilə bağlı iki dövlət arasında müsbət çalarların olacağına da ümid yaranıb. Yaxın zamanda Türkmənistan Azərbaycanda səfirliyinin işini də bərpa edəcək.
XS
SM
MD
LG