Accessibility links

Türkiyə prezidenti Azərbaycanda Qafqazda təhlükəsizlik məsələlərini müzakirə edir


Türkiyə prezidenti Abdulla Gül Azərbaycana bir neçə saatlıq işgüzar səfərə gəlib. O hava limanından birbaşa Azərbaycan prezidentinin Bakının 30 kilometrliyindəki iqamətgahına gedib və danışıqlardan sonra ölkəsinə qayıdacaq.

Cənab Gül Azərbaycana Ermənistan səfərindən sonra gəlib. Türkiyə dövlət başçısı səfər öncəsi bildirib ki, Azərbaycan prezidenti ilə Qafqazda Təhlükəsizlik və Əməkdaşlıq Platforması ətrafında fikir mübadiləsi aparacaq və Yerevana səfəri ilə bağlı məlumat verəcək. Danışıqlarda Nabucco layihəsinə də toxunulacaq.

Yeri gəlmişkən bildirim ki, cənab Gülün səfərindən öncə Türkiyə xarici işlər naziri Rusiya və Gürcüstan xarici işlər nazirləri ilə danışıqlar aparıb. Eyni zamanda, Türkiyənin enerji və təbii sərvətlər naziri Türkmənistan, Qazaxıstan və Azərbaycana səfər edib.

Nazir Hilmi Gülər bu gün Bakıda keçirdiyi mətbuat konfransında Nabucco layihəsinin reallaşacağını bir daha bəyan edib.

Türkiyə prezidenti Abdulla Gülün Bakıda Qafqazda təhlükəsizlik platforması ilə yanaşı önəmli enerji layihələrini də müzakirə edəcəyini deyib.

Öz növbəsində, Azərbaycan müxalifəti Türkiyənin təşəbbüslərinin nəticə verəcəyinə inanmır. Onların fikrincə, əslində Türkiyə Qafqazda Rusiyanın tərəfdarı rolunda çıxış edir. Bu isə həm Türkiyənin, həm də Gürcüstan və Azərbaycanın strateji xəttinin əleyhinədir. Milli Birlik Hərəkatının rəhbəri, keçmiş dövlət katibi Lalə-Şövkət Hacıyeva "Amerikanın səsi" radiosuna müsahibəsində bildirib ki, Türkiyə prezidenti Moskva və Ermənistana səfərindən sonra Bakıya gəlib. Onun çıxış etdiyi Qafqaz evi ideyası da region dövlətləri üçün yeni deyil. Bu ideya zaman-zaman irəli sürülüb və iflasa uğrayıb. Çünki bu evdə olacağı güman edilən dövlətlərin 4 müharibə vəziyyətindədir.

Xanım Hacıyeva hesab edir ki, bu təşəbbüs Türkiyənin deyil, Rusiya-Türkiyə təşəbbüsüdür. Onun fikrincə, burada məqsəd azı Azərbaycanın NATO-ya inteqrasiyasının qarşısını almaqdır. Gürcüstan artıq öz seçimini edib, NATO-ya üzv olacaq. Rusiyanın Qafqazdakı müttəfiqi Ermənistan isə beləliklə tam blokadaya düşür.

Milli Birlik Hərəkatının lideri Lalə Şövkət ehtimal edir ki, Azərbaycan qərbə inteqrasiya yolundan sapındırılsa, ola bilər ki, Dağlıq Qarabağın ətrafındakı bir neçə rayon qaytarılsın. Bu isə Qarabağ probleminin həlli deyil.

Azərbaycanın xarici siyasət məsələləri üzrə keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadə də Türkiyənin təşəbbüsünün uğurlu olacağına inanmır. Onun fikrincə, Qafqaz evinin müəllifi Rusiyadır.

Politoloq hesab edir ki, bu təşəbbüs ATƏT-in Minsk Qrupunu əvəzləyəcək yeni qurumun yaranmasına səbəb olacaqsa, burada Azərbaycan strateji müttəfiqi Amerikanın mövqeyini nəzərə almalıdır.

XS
SM
MD
LG