Accessibility links

Azərbaycan və Türkmənistan münasibətlərin inkişaf perspektivlərini müzakirə edib


Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana ikigünlük rəsmi səfəri başlayıb. AzərTAC Agentliyinin məlumatına görə, Azərbaycan və Türkmənistan prezidentlərinin görüşündə iki ölkə münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib. Prezidentlər həmçinin beynəlxalq həyat və regional əməkdaşlıqla bağlı məsələləri müzakirə edib. Azərbaycan prezidenti İlham Əliyev Türkmənistan prezidentinin Bakıya səfərini "tarixi hadisə" adlandırıb. Onun fikrincə, bu səfər ikitərəfli münasibətlər tarixində "keyfiyyətcə yeni mərhələ" açır. Cənab Əliyevin sözlərinə görə, tərəflər iki ölkənin yaxınlaşması üçün konkret yolları müzakirə edib. Xüsusən, "güclü nəqliyyat infrastrukturunun" inkişafına şərait yaradacaq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. "Biz həmçinin energetika sahəsində əməkdaşlıq məsələlərini müzakirə etmişik, bu sahədə ölkələrimiz yüksək göstəricilər nümayiş etdirir və digər dövlətlərin enerji təhlükəsizliyində iştirak edən ölkələrdir". Danışıqlar zamanı, həmçinin Xəzər problematikası müzakirə olunub. "Biz Xəzəryanı dövlətlərin Tehran Sammitinin yekunlarını, həmçinin Xəzərdə əməkdaşlığın gələcək yollarını müzakirə etdik. Əminik ki, Azərbaycan və Türkmənistanın bu istiqamətdə effektli qarşılıqlı fəaliyyəti məsələnin ümumilikdə tənzimlənməsinə şərait yaradacaq", - deyə dövlət başçısı qeyd edib. Türkmənistan prezidenti isə qeyd edib ki, son vaxtlar iki ölkə arasında siyasi dialoq fəallaşıb. Bu zaman o, nümayəndə heyətlərinin səfərlərini, iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın yaradılmasını, Azərbaycanın Türkmənistana borcu məsələsinin həllini göstərib. Cənab Berdıməhəmmədovun sözlərinə görə, son vaxtlar iki ölkə arasında mal dövriyyəsinin həcminin üç dəfə artmasına baxmayaraq, iqtisadi əməkdaşlıq potensialından tam istifadə olunmur. O qeyd edib ki, Bakıda danışıqlar zamanı yanacaq-energetika sektorunda əməkdaşlığın inkişafına xüsusi diqqət yetirilib. "Bizim vahid mövqeyimiz var ki, məhz bu sahə gələcəkdə dövlətlərarası partnyorluğun strateji istiqaməti olacaq. Əməkdaşlıq imkanlarının müfəssəl öyrənilməsi və dünyaya təqdim edilməsi üçün bu ilin sentyabrında Bakıda "Türkmənistan nefti və qazı" mövzusunda konfrans keçirmək barədə razılıq əldə etmişik". Əməkdaşlığın daha bir mühüm sahəsi nəqliyyatdır, deyə o əlavə edib. “Azərbaycan və Türkmənistanın Avropa və Asiya arasında əlverişli mövqeyi qonşu ölkələrin bu üstünlükdən öz maraqlarında və həm Şərqdə, həm də Qərbdə digər dövlətlərin marağında istifadə etməyə imkan verir” Aşxabad ölkənin nəqliyyat infrastrukturunun inkişafı üçün addımlar atır. Xüsusən, İran və Qazaxıstanla partnyorluqda Şimal-Cənub nəqliyyat transmilli dəhlizinin yaradılması üzrə addımlar atılır. Analoji layihələrin Azərbaycanda da həyata keçirildiyini qeyd edən Berdıməhəmmədov bildirib ki, söhbət "iki ölkə arasında rəqabətdən deyil, regionun bütün ölkələri üçün real iqtisadi mənfəət vəd edən və yük daşımaları və sərnişin axınlarının artırılmasına şərait yaradacaq addımlardan" gedir. Berdıməhəmmədov həmçinin Aşxabadın Azərbaycana yüksək səviyyəli tekstil, kimyəvi sənaye məhsulları ixrac etməyə hazır olduğunu bildirib. Xəzər problematikasına toxunan Türkmənistan prezidenti deyib ki, tərəflər "bütün sahilyanı dövlətlərin razılaşdırılması üzrə konstruktiv danışıqların davam etdirilməsinin vacibliyi haqda vahid fikrə gəlib. Bu məsələnin həlli Xəzər regionunun sülh, qonşuluq, sabitlik və qarşılıqlı səmərəli əməkdaşlıq zonasına çevrilməsi zərurətinin dərk edilməsinə əsaslanır". "Biz hesab edirik ki, Xəzər dənizinin statusunun ən tez bir zamanda müəyyən edilməsi onun karbohidrogen və bioloji resurslarının bərabər mənimsənməsi, Xəzər hövzəsinin nadir ekoloji sisteminin saxlanması, həmçinin Xəzərdə fəal beynəlxalq iqtisadi əməkdaşlıq üçün əlverişli şərait yaratmağa imkan verəcək", - deyə o qeyd edib. Danışıqların yekunu olaraq iki ölkə arasında gənclər və idman sahəsində, yük daşınmaları, beynəlxalq avtomobil daşımaları, standartlaşdırma, metrologiya və akkreditasiya məsələləri üzrə sazişlər, Ticarət-Sənaye palataları, Maliyyə, Xarici İşlər nazirlikləri arasında əməkdaşlıq haqqında sənədlər imzalanıb. Xatırladaq ki, son 10 ildə Türkmənistanla Azərbaycan münasibətlərində problemlər yaşanmaqda idi. Türkmənistan Xəzərdəki Kəpəz yatağına iddia edir. Xəzərin hüquqi statusu ilə bağlı danışıqlarda da mövqelər yaxın deyil. Hətta 2001-ci ildə Türkmənistan Azərbaycandakı səfirini geri çağırmışdı. Cənab Berdiməhəmmədov prezident seçildikdən sonra isə iki ölkə münasibətlərindəki problemlər aradan qaldırılmaqdadır. Belə ki, qarşılıqlı səfərlər intensivləşib, ölkələr arasında sovet dönəmindən qalan borc məsələsi həllini tapıb. Türkmənistan alternativ yolla təbii qazını Avropa bazarına çıxaracağını bəyan edib və bunu qərb dövlətləri dəstəkləyir. Müstəqil politoloqlar da iki qardaş xalq arasında münasibətlərin yaxşılaşmasını təqdir edir. “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu hesab edir ki, Azərbaycan-Türkmənistan əməkdaşlığı Avropa Birliyi dövlətlərinin marağına uyğundur və münasibətlərdə xalqlar arasındakı tarixi yaxınlıq mühüm rol oynayacaq.
XS
SM
MD
LG