Accessibility links

Bakıda binanın uçqunları altında qalmış insanların xilas işləri davam etdirilir


Dünən Bakının Yasamal rayonunda uçmuş çoxmərtəbəli binanın dağıntıları altında qalmış insanların axtarışı bu gün də davam etdirilir. Bu gün prezident İlham Əliyev hadisə yerinə gəlib, xilasetmə işləri ilə tanış olub. Dövlət başçısı xilasetmə işlərinin sürətləndirilməsi, qəzanın səbəblərinin araşdırılması, həlak olanların ailələrinə və yaralılara lazımi kömək göstərilməsi barədə tapşırıqlar verib. Cənab Əliyev baş vermiş qəza ilə əlaqədar Hökumət Komissiyasının yaradılması haqqında Sərəncam da imzalayıb. Qəza ilə bağlı Cinayət Məcəlləsininin tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma, özbaşına bina tikmə maddələri ilə cinayət işi başlanıb. Qanunsuz tikinti aparan və dövlət qeydiyyatı olmayan «Mütəffəkkir» cəmiyyətinin 4 vəzifəli şəxsi həbs edilib.

Fövqəladə Hallar, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun birgə məlumatında deyilir ki, «Mütəfəkkir» cəmiyyəti müvafiq icazə almadan və layihəni razılaşdırmadan 2002-ci ildən özbaşına binanın inşasını həyata keçirir. Bakı şəhər prokuroru Əziz Seyidov da tikinti qaydalarının pozulması versiyası ətrafında istintaqın davam etdirildiyini bildirib. Xilasetmə və axtarış işlərini aparan Fövqəladə Hallar nazirliyinin mətbuat katibi Tural Müseyibov «Amerikanın səsi» radiosuna son nəfər tapılanadək axtarış işlərinin davam etdiriləcəyini deyib. Onun sözlərinə görə, uçqunlar altında sağ qalmış üç nəfərlə hazırda telefon əlaqəsi var. Yaralılar və ölənlər haqqında son məlumatlar barədə isə Səhiyyə nazirliyinin əməkdaşı Səmayə Məmmədova «Amerikanın səsi» radiosuna bildirib. Onun sözlərinə görə, veriliş efirə gedən vaxtı daha bir nəfərin xilasetmə işləri aparılır və həkimlər yaralıya yerində yardım etməkdədir. Son məlumatlara görə isə uçqunlar altından çıxarılmış Saki Feyziyev adlı şəxs bir qədər sonra dünyasını dəyişib. Beələliklə ölənlərin sayı 6 nəfərə çatıb.

XS
SM
MD
LG