Accessibility links

Azərbaycanda uşaq ölümü yüksəkdir


BMT-nin Uşaq Təşkilatı-UNİCEF-in Azərbaycan nümayəndəliyi və Azərbaycanın səhiyyə nazirliyi UNİCEF-in “Dünya Uşaqlarının vəziyyəti” hesabatının təqdimatını keçirib. Tədbirdə Azərbaycan Səhiyyə nazirliyi və UNİCEF Azərbaycanda ana və uşaq sağlamlığının yaxşılaşdırılması üçün işləmək istiqamətdə öhdəliklərini bir daha təsdiq edib.

UNİCEF-in Azərbaycandakı nümayəndəsi Mohamed Bendriss Alami bildirib ki, hesabatda inkişaf etməkdə olan ölkələrdə körpə və ana ölümü riskinin yüksək olmasından bəhs edilir.“Ötən ilki hesabatlar uşaqların sağ qalmasını ehtiva edirdisə, bu il ana və yeni doğulmuş uşağın sağ qalmasına yönəlib. Son 15 ildəuşaqların sağ qalması sahəsində irəliləyiş 27 faiz təşkil edib. Ancaq bu illərdə ana və yeni doğulmuş uşaqlar arasında vəziyyət yaxşı deyil. Ana ölümü ilə bağlı ən acınacaqlı vəziyyət Afrikadadır. Ölümün 50 faizi Afrika ölkələrinin, 30 faizi isə Cənubi-Şərqi Asiya ölkələrinin payına düşür.”

Hesabatda həmçinin, Azərbaycanda uşaq ölümünün yüksək olduğu qeyd edilir. Belə ki, 2007-ci ildə Azərbaycanın 8.629.900 əhalisinin 30 faizini uşaqlar təşkil edib. Sənədə görə, 2001-2006-cı illərdə Azərbaycanda hər min uşaqdan 50-si 5 yaşınadək vəfat edibsə, 2007-ci ildə hər 1000 uşaqdan 39-u dünyasını dəyişib. O cümlədən, 2001-2006-cı illərdə hər min yeni doğulan uşaqdan 43-ü vəfat edirdisə, 2007-ci ildə bu rəqəm 34-ə enib. Eyni zamanda, 2007-ci ildə doğuş zamanı hər 100.000 anadan 36-sı dünyasını dəyişib.

Səhiyyə nazirinin müavini Sənan Kərimov bildirib ki, 2008-ci ildə ana və uşaq ölümünün strukturunda böyük dəyişiklik var. Belə ki, son illər ana və uşaq ölümü dəfələrlə azalıb.

Nazir müavinin sözlərinə görə, 2009-cu il Azərbaycan prezidenti tərəfindən “Uşaq ili” elan edilib və uşaqların problemi ilə bağlı yeni proqramlar qəbul ediləcək. Bu məqsədlə səhiyyə nazirliyi digər qurumlarla birgə uşaqların problemləri barədə monitorinq aparır. “Monitorinqin nəticələrinə uyğun olaraq tədbirlər planı hazırlanacaq. Uşaq və anaların problemlərinin həlli təkcə səhiyyə ilə bağlı deyil”-deyə o qeyd edib

UNİSEF-in səhiyyə proqramlarının rəhbəri Şəfəq Rəhimova bildirib ki, uzun müddət aparılan tədqiqatlar ana və yeni doğulmuş uşaqların ölümünə səbəb olan beş mühüm amili müəyyən edib.

Pediatriya institutunun direktoru Nəsib Quliyev bildirib ki, ölkədə uşaq ölümünə səbəb olan ən başlıca xəstəlik tənəffüs yolları ilə bağlıdır.


XS
SM
MD
LG