Accessibility links

Azərbaycanda insanların quş qripinə yoluxması müəyyən edilməyib


Quş qripi xəstəliyi Azərbaycanda aşkarlanandan sonra insanlar arasında sanki bir anlaşılmazlıq yaranıb. Bir çox adamlar vəziyyətdən çıxışı yalnız quş məhsulları ilə qidalanmaqda görür. Ümumdünya Səhiyyə Təşkilatınanın məlumatında bildirilir ki, insan bu virusa xəstə, yaxud ölü ev quşları və vəhşi quşlarla sıx təmas nəticəsində yoluxa bilər. Xəstə vəhşi quşlar və ev quşları özlərini qeyri-adi aparır, hərəkətləri nizamsız olur, başlarını fırladır, boyunları əyilir, xarici qıcıqlandırıcılara məhəl qoymur, özlərini halsız hiss edir. Pipiklərin şişməsi və qaralması, habelə tənəffüsün çətinləşməsi müşahidə olunur. «Bir sıra hallarda xəstə quşların yaxşı bişməmiş əti və yumurtaları ilə qidalanma nəticəsində insanın virusa yoluxması mümkündür. Xəstə quşların ifrazatı da təhlükəlidir. Çünki ifrazatla bitkilərə, havaya, suya düşən virusa adam su içəndə, çiməndə, habelə hava-damcı, hava-toz yolu ilə, çirkli əllər vasitəsilə yoluxa bilər. Yadda saxlamaq lazımdır ki, mənfi temperaturlarda quş qripi virusu salamat qalır, lakin Selsi ilə 70 dərəcəyədək istilik virusu bir neçə dəqiqəyə məhv edir». Ümumdünya Səhiyyə təşkilatı bildirir ki, insanın xəstəliyə yoluxması ilə onun ilk əlamətlərinə qədər bir neçə saat, yaxud 5 gün keçə bilər.«Xəstəlik titrətmə ilə başlanır, hərarət 38 dərəcəyə qalxır və daha yüksək olur, əzələ, baş və boğaz ağrıları ilə müşayiət edilir.2-3 gündən sonra qan qarışıq bəlğəmli öskürək, təngnəfəslik müşahidə olunur». Ümumdünya Səhiyyə təşkilatı insanalara məsələhət görür ki, xəstəliyin ilk əlamətləri müşahidə edildikdən dərhal sonra həkimə müraciət etsinlər və müalicənin gecikdirilməsi fəsadların inkişafına gətirib çıxarır. Hazırda BMT-nin Fauna təşkilatının, Türkiyənin, ABŞ-ın, Meksikanın və Xorvatiyanın ekspertləri quş qripinə qarşı mübarizənin təşkilində Azərbaycana kömək edir. Ekspertlərin iştirakı ilə tədbirlər planı da hazırlanıb. Türkiyəli ekspert Barış Yılmaz Amerikanın səsi radiosuna bildirib ki, planın əsasını əhalinin maarifləndirilməsi sahəsində aparılacaq tədbirlər tutur. Cənab Yılmaz əhalini panikaya düşməməyə çağırıb. Onun sözlərinə görə, yaxın vaxtlarda bu xəstəliyin viruslarını aradan qaldırmaq mümkün deyil və bu səbəbdən dövlət baytarlıq xidmətinin məsləhət gördüyü təsərrüfatların quş məhsullarından istifadə etmək lazımdır. Azərbaycan Quşçuluq cəmiyyətinin sədri Abbas Məmmədov bildirib ki, ölkədə 40 milyon ev quşu və 60 milyona yaxın çöl quşları yaşayır. Onun sözlərinə görə, quşlar arasında virusun yayılmasının qarşısını almaq mümkün deyil , çünki elə çöl quşları var ki, gün ərzində 300 kilometrədək məsafə qət edir. Ekspert hökuməti virusun ev quşlarına keçməməsi üçün təcili tədbirlər görməyə çağırıb. Azərbaycanda indiyədək insanların quş qripinə yoluxması qeydə alınmayıb. Səhiyyə nazirliyinin mətbuat katibi Səmayə Məmmədova Amerikanın səsi radiosuna bildirib ki, 300 nəfər qripə yoluxmaqda şübhəli bilinən şəxsin qanı Qahirə referent laborotiyasında yoxlanıb və virus aşkarlanmayıb. Onun sözlərinə görə, nazirlik quş qripinə qarşı mübarizə məqsədilə dezinfeksiya preparatları, habelə bu xəstəliyin müalicəsində ən səmərəli dərmanların ehtiyatını yaradıb. Xanım Məmmədoa bildirib ki, quş qripinə yoluxması güman edilən xəstələrin qəbulu üçün Elmi Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunda və 7 nömrəli şəhər infeksion xəstəxanasında palatalar da hazırlanıb.
XS
SM
MD
LG