Accessibility links

ABŞ Beynəlxalq İnkişaf Agentilyi Azərbaycanda parlament proqramı həyata keçirir


ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyələşdirdiyi Azərbaycan Parlament Proqramı çərçivəsində Azərbaycan Milli Məclisinin deputat köməkçiləri üçün dəyirmi masa keçirilib. Tədbirdə Beynəlxalq İnkişaf Agentliyinin Avropa və Avrasiya üzrə rəhbərinin müavini Duqlas Menarçuk, Milli Məclisin məsul əməkdaşı, deputat köməkçiləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib. Beynəlxalq İnkişaf Agentliyinin Avropa və Avrasiya üzrə rəhbərinin müavini Duqlas Menarçuk bildirib ki, proqramın məqsədi deputat köməkçisi institutunun formalaşdırılmasına yardım etməkdir.«Bu institutun formalaşması hökumətin işinə böyük kömək olacaq. Belə ki, köməkçilər seçki dairələri ərazilərində işləyir, tədqiqatlar aparır, əhalinin problemlərinin öyrənilib parlamentə çatdırılmasına kömək edir. İnsanların səsinin duyulması üçün qeyri hökumət təşkilatları da deputatlara təkliflər verə bilər və ya deputatlar problemlərin aktuallığını qeyri-hökumət təşkilatları vasitəsi ilə öyrənə bilər. Qeyri-hökumət təşkilatları və deputat köməkçiləri parlamentlə, deputatla seçicilər arasında körpü rolunu oynayır». Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan ofisinin rəhbəri Skott Teylorun sözlərinə görə, Azərbaycan parlament proqramının birinci mərhələsi 2007-2009-cu illəri əhatə edir."Xüsusən bu ilin prezident seçkiləri ili olduğunu nəzərə alsaq parlamentlə iş çox vacibdir. Bu baxımdan Azərbaycan Parlament Proqramı Milli Məclis Aparatının əməkdaşlarının imkanlarının inkişaf etdirilməsi və artırılması, o cümlədən, hər deputat üçün seçki dairələrində ofislərin yaradılması, daimi komissiyaların imkanlarının artırılması, dayanıqlı təlim proqramlarını nəzərdə tutur. Proqram çərçivəsində qanunvericilik və prosedurlar sahəsində daha geniş şəffaflığın təşviqi, qəbul olunmuş qanunları, qanun layihələrini hökumət və sıravi vətəndaşlar üçün əlçatan etmək sahəsində texniki yardım göstərilməsi, resursların yaradılması, deputatların səsvermə məlumatlarının nəşr edilməsi də daxil olmaqla, şəffaf mexanizmlərin qəbul edilməsi sahəsində yardım ediləcək". Cənab Teylor eyni zamanda, proqram çərçivəsində yeni seçilmiş və keçmiş deputat köməkçilərinə iş sahəsində texniki kömək edildiyini deyib. "Deputat köməkçiləri üçün təlimlər keçirilir, vətəndaşların müraciətləri ilə məşğul olunması, etika məsələləri, qanunvericilik prosedurunun inkişafı sahəsində köməklik göstərilir, müqayisəli tədqiqat səfərləri nəzərdə tutulur". Milli Məclis Aparatının dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri İmadəddin Abduləzizov hazırda 125 deputatdan 104-nün köməkçisinin olduğunu bildirib. Deputat köməkçilərinin əmək haqları üçün büdcədən vəsait ayrılıb. Onun sözlərinə görə, Beynəlxalq İnkişaf Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən proqram çərçivəsində müxtəfif təlimlər və seminarlar keçirilir.
XS
SM
MD
LG