Bakıda BMT Baş Məclisinin "Uşaqlar üçün yararlı dünya" Qətnaməsinin beşilliyinə həsr olunmuş milli konfrans keçirilib. Konfrans Azərbaycan hökuməti, UNICEF, Avropa İttifaqı və Avropa Şurası tərəfindən təşkil edilib.
Azərbaycan baş nazirinin müavini Elçin Əfəndiyev 180 ölkənin qoşulduğu "Uşaqlar üçün yararlı dünya" Qətnaməsinin Azərbaycan hökuməti tərəfindən uğurla yerinə yetirildiyini bildirib. Azərbaycan hökuməti qətnaməyə uyğun olaraq proqram hazırlayıb, demoqrafik və səhiyyə sorğuları keçirib.
Baş nazirin müavini hökumətin "Azərbaycanı uşaqlar üçün firəvan ölkəyə çevirək" öhdəliyini yerinə yetirməkdə olduğunu və bu məqsədlə çoxsaylı müxtəlif spektrli proqramların təsdiq edildiyini diqqətə çatdırıb.
Milli Məclisin sədr müavini Bahar Muradova parlamentin uşaq hüquqları ilə bağlı konvensiyaları ratifikasiya etdiyini və bu sahəni əhatə edən 15 qanunun fəaliyyətdə olduğunu deyib. O, eyni zamanda xəstə uşaqların, beynəlxalq ölkələrarası övladlığa götürmə məsələlərinin qanunvericiliklə nizamlandığını vurğulayıb.
UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Hanna Sinqer bildirib ki, "Uşaqlar üçün yararlı dünya" Qətnaməsi BMT Baş Məclisinin 2002-ci il mayın 7-10-da keçirilən xüsusi sessiyasında qəbul edilmiş yekun sənəddir. «Qətnamə 10 il üçün nəzərdə tutulub və 21 konkret hədəf və məqsədi özündə birləşdirən yeni proqramları təmin edir. Sənədin əsas prioritetləri uşaqların sağlam həyat tərzinin təbliğ olunması, hamı üçün keyfiyyətli təhsilin təmin edilməsi, uşaqların təhqir, istismar və zorakılıqdan qorunması və QİÇS-lə mübarizədir".
Avropa İttifaqının Azərbaycan üzrə xüsusi nümayəndəsi Alan Uaddamz və Avropa Şurası baş katibinin Azərbaycan üzrə xüsusi nümayəndəsi Denis Bribosia uşaq hüquqları sahəsində Avropa təcrübəsindən və mövcud qanunvericilik bazasından danışıb. "Avropa İttifaqı 2006-cı ildə uşaq hüquqlarını özünün strateji prioritetlərindən biri elan edib. Bu prioritet hökumət və qeyri-hökumət təşkilatları tərəfindən müdafiə edilir. 2006-cı ildə uşaqlarla bağlı proqramların həyata keçirilməsi üçün Aİ 2 milyard dollar büdcə ayırıb" –deyə cənab Uaddamz bildirib.
«Azərbaycan əhalisinin sayı 8.297.000 nəfərdir. Əhalinin 3.024.000 nəfərini 18 yaşınadək olanlar təşkil edir ki, onların da 688.000 nəfəri 5 yaşınadək olanlardır. Bu barədə UNICEF-in Azərbaycan üzrə məlumatında deyilir.
Məlumata görə, Azərbaycanda körpə və ana ölümü göstəricisi Avropa ölkələri arasında ən yüksəkdir. «Hər min doğuşa 5 yaşınadək uşaqlar arasında yüzdən artıq ölüm halı baş verir. Ölkə beş yaşınadək uşaqlar arasında ölüm göstəricisinə görə dünyada 46-cı yeri tutur. Uşaq ölümünün kökündə duran əsas səbəb zəif qidalanmadır. Doğulan körpələrin 10 faizində çəki azlığı, beş yaşınadək uşaqların 13 faizində boyun zəif inkişafı müşahidə edilir. Uşaqların 75 faizi A vitamini çatışmazlığından əziyyət çəkir".
Sənəddə deyilir ki, Azərbaycanda adambaşına düşən ümumi milli gəlir 710 dollardır. "Əhalinin 49 faizinin adambaşına düşən gündəlik gəliri 1,2 dollaradəkdir. Uşaqların isə 52 faizi yoxsulluq səviyyəsində yaşayır. Ölkədə bir milyonadək qaçqın və məcburi köçkün var. Onların yarıdan çoxunu qadın və uşaqlar təşkil edir. Qaçqınlar və məcburi köçkünlər arasında yoxsulluğun səviyyəsi orta milli səviyyədən 20 faiz yüksəkdir".
Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev isə uşaq ölümü ilə bağıl deyilənləri təkzib edib. O jurnalistlərlə söhbətində səhiyyə nazirliyi buna xüsusi bəyanatla cavab verəcəyini deyib.
Daxili işlər nazirinin müavini Oruc Zalov hüquq-mühafizə orqanlarının uşaq əməyinin istismarı, küçə uşaqlarının ailələrə qaytarılması üçün işlər apardığını bildirib.