Accessibility links

Vəfa Quluzadə: Amerika ilə əməkdaşlıq Azərbaycanı təhlükədən xilas etməlidir


Azərbaycanın xarici siyasət məsələləri üzrə keçmiş dövlət müşaviri, siyasi analitik Vəfa Quluzadə

Amerika-Azərbaycan münasibətləri və Amerikanın xarici siyasətində müsəlman dünyasının yeri ilə bağlı "Amerikanın səsi" radiosuna müsahibə verib.

Sual: ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi "İslam dünyasına əl uzadaraq" başlıqlı məqalə ilə çıxış edib. Məqalə prezident Barak Obamanın andiçmə mərasimindəki çıxışında islam dünyasına ismarıclarına həsr edilib. Barak Obama hökumətinin müsəlman dünyası ilə bağlı siyasətinin gələcək perspektivlərini necə görürsünüz?

Cavab: Müsəlman aləmi ilə Amerikanın əlaqələrini sözlə yaxınlaşdırmaq mümkün deyil. Bunu işlə reallaşdırmaq olar. Amerikanın müsəlman dünyasında mövqelərini puç edən Fələstin problemidir. ABŞ bu problemin həllində nailiyyət əldə edərsə, əhəmiyyəti böyük olar. Amerika İsrailin müttəfiqidir və bütün müsəlman aləmi İsrailin Fələstində apardığı siyasətin əleyhinədir. İndi cənab Obama özünün Yaxın Şərqə göndərdiyi nümayəndəsi vasitəsi ilə elə siyasət yürütməlidir ki, İsrail ərəb aləmi və Fələstinlə ortaq dil tapa bilsin, Fələstin dövlətinin yaradılmasına və bu xalqın normal yaşamasına şərait yaratsın. Bunun üçün İsrailə təsir edilməlidir.

Sual: Səfir qeyd edir ki, ABŞ Azərbaycanla yanaşı çalışaraq ekstremist və nifrət daşıyan ideologiyalara qarşı mübarizə aparır. Gələcəkdə də iki dövlətin belə ideologiyalara qarşı birgə mübarizəsi mümkündürmü?

Cavab: Rasizm, faşizm, şovinizm, millətçilik, irqçilik ekstremist və nifrət daşıyan ideologiyalardır. Azərbaycanda bu ideologiyaların daşıyıcıları yoxdur və burada bütün xalqlara, dinlərə hörmətlə yanaşılır. İki dövlət bu sahədə yaxşı əməkdaşlıq edə bilər və ABŞ Azərbaycandan öyrənə bilər. Lakin Amerika dünyanın ən böyük qüvvəsidir, Azərbaycan isə dünyanın ən balaca qüvvələrindən olan dövlətdir. Arzu edirəm ki, iki dövlət arasındakı strateji əməkdaşlıq möhkəmlənsin və bundan Azərbaycanın təhlükəsizliyi bəhrələnsin. Çünki Azərbaycan həqiqətən də böyük təhlükə altındadır, müharibə vəziyyətindədir, atəşkəs hər gün pozulur. Azərbaycan-ABŞ əməkdaşlığı bəhrə verməli və Azərbaycanı bu təhlükədən xilas etməlidir.

Sual: Demokratiya və insan haqları sahəsində münasibətlərin indiki səviyyəsinin necə qiymətləndirərdiniz?

Cavab: Bu sahədə aramızda uçurum var. ABŞ dünyanın ən qabaqcıl dövlətidir. Azərbaycan isə demokratiyaya yeni qədəm qoyan ölkədir. Azərbaycanın demokratiyaya qovuşması üçün hələ uzun müddət lazımdır. Amma siyasi iradə olarsa bu müddət bir qədər qısa da ola bilər. Amerika Azərbaycanın demokratiyaya qısa vaxtda uyğunlaşması üçün əlindən gələni etməlidir.

Sual: Hərbi sahədə əməkdaşlıq necədir, gələcək perspektivlərə necə baxırsınız? Çünki bu gün Rusiya prezidenti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin çevik hərbi qüvvəsinin yaradılacağını bayan edib.

Cavab: Cevik əsgəri qüvvənin əsasını Rusiya ordusu təşkil edəcək. Çünki bu təşkilatın digər üzvləri Rusiya ilə müqayisə olunmaz dərəcədə zəifdir. Ona görə də, burada əsas siyasət Rusiyanındır və əsas rolu da bu dövlət oynayır. Təəssüf edirəm ki, Rusiya siyasəti yenə də Amerika ilə konfrantasiyaya, rəqabət yoluna keçir. Bu yolda bir dəfə keçmiş Sovet İttifaqı uduzub. Arzu edərdim ki, rus xalqı xoşbəxt yaşasın. Amma yeni hərbi qarşıdurmanın, yeni soyuq müharibənin Rusiyaya xeyir gətirəcəyinə inanmıram. Bu cür qarşıdurmanın əvəzində ABŞ yeni regionlarda fəaliyyətini artıracaq. Gürcüstanda yeni Amerika hərbi bazaları qurulacaq. Azərbaycanda da bu mümkündür. Azərbaycan parlamenti yaxınlarda bu ideyanı yenidən səsləndirib. Belə görünür ki, qarşıdurma və rəqabət davam edəcək. Belə rəqabətdə isə qalib güclü tərəf olur və güclü olan da ABŞ-dır.

Arzu edirəm ki, Barak Obama hökuməti Rusiya ilə normal sülh əməkdaşlığı haqqında və dünyadakı durumla bağlı bir anlaşmaya gəlsin. Çünki Sovetlər dövründən miras qalmış ideologiyalar heç də yaxşı nəticələr verməyəcək. Bu silah yarışı, qarşıdurma, soyuq müharibə, Rusiyada çoxalan antiamerikanizmi yaxşı nəticə verə bilməz.

XS
SM
MD
LG