Accessibility links

Azərbaycan səhiyyə sistemi donuz qripinə qarşı mübarizə ilə bağlı tədbirlər görür 


Bu günədək Azərbaycanda donuz qripi xəstəliyinə yoluxmuş xəstə aşkar edilməyib. Buna baxmayaraq, Azərbaycan səhiyyə sistemi donuz qripi ilə mübarizəyə tam hazırdır. Bu barədə Səhiyyə Nazirliyinin sanitar epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib.
Onun sözlərinə görə, səhiyyə naziri Oqtay Şirəliyev “Qrip və kəskin resperator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi haqqında” əmr imzalayıb. “Əmrdə 2008-ci ildə yaradılmış “Quş qripinin qarşısının alınması və bu sahədə bütün qurumların birgə fəaliyyətinin əlaqələndirilməsi” üzrə Dövlət Komissiyasının hazırladığı “Azərbaycan Respublikasında qrip pandemiyasına hazırlıq üzrə Milli Plan”a uyğun olaraq tədbirlər həyata keçirilməsi nəzərdə tutulur. İlk növbədə, xəstəlik üzərində nəzarət gücləndirilib, bütün qrip xəstələrinin və şübhəlilərin laborator müayinəsi təşkil edilir, ağır xəstələrin xəstəxanaya yerləşdirilməsi təmin ediləcək. Bütün xəstəxanalarda xüsusi palatalar ayrılıb. Səhiyyə Nazirliyi xəstəliyin profilaktikası üçün lazım olan bütün laborator diaqnostika vasitələri, dezinfeksiyaedici maddələr, dərman preparatları, fərdi qoruyucular ehtiyatı yaradıb”.
Cənab Qasımov həmçinin ölkədə qripə qarşı istifadə edilən “Tamiflyu” (Oseltamvir) dərmanlarının kifayət qədər yetərli ehtiyatının yaradıldığını bildirib.
O, Səhiyyə Nazirliyinin dövlət sərhədlərində hansı tədbirləri həyata keçirdiyi ilə bağlı sualın cavabında isə deyib ki, sərhəd-keçid məntəqələrinə vahid pəncərə prinsipi tətbiq edildiyindən burada tədbirlərin keçirilməsi bilavasitə Dövlət Gömrük Komitəsinə həvalə edilib. “Səhiyyə Nazirliyi gömrükçülərə hər cür yardım etməyə hazırdır”.

XS
SM
MD
LG