Accessibility links

Azərbaycanda Xalq Cümhuriyyətinin 89-cu ildönümü qeyd olunur


Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 89-cu ildönümüdür, Respublika günü qeyd edilir. Rəsmi səviyyədə yüksək təntənələr təşkil edilməsə də müxalifətdə olan siyasi partiyalar xalq hərəkatının lideri Əbülfəz Elçibəyin məzarını ziyarət edib və Məmməd Əmin Rəsulzadənin anadan olduğu Novxanı kəndindəki abidəsi önünə əklil qoyub. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması 1918-ci il mayın 28-də elan edilib. AXC şərqdə ilk demokratik dövlət olub. Müstəqillik Bəyannaməsi Milli Şuranın Tbilisidə keçirilən ilk toplantısında qəbul edilib. 10 gündən sonra isə Milli Şura Gəncəyə köçüb və səlahyyətilərini Milli hökumətə verib. 1918-ci ilin sentyabrında - Bakı azad edildikdən sonra hökumət Gəncədən Bakıya köçüb. AXC 1920-ci il aprelin 28-də sovet qoşunlarının Azərbaycanı işğalı nəticəsində süquta uğrayıb. 1991-ci ildə SSRİ dağıldıqdan sonra Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa edib. Bu gün «Müsavat» partiyası Novxanı kəndində Məmməd Əmin Rəsulzadəninin abidəsi önündə bayram mitinqi keçirib. Mitinqdə əsasən Xalq Cümhuriyətinin tarixindən və hazırki hökumətin Xalq cümhuriyyətinin liderlərinə ögey münasibətindən danışılıb. Tarixçi alim Nəsiman Yaqublu bildirib ki, şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarları xalqın əsas hüquq və azadlıqlarının bərpası barədə olub. Tarixçi alim Cümhuriyyət parlamentini həqiqi demokratik parlament adlandırıb. Cənab Yaqublu Xalq Cümhuriyyətinin təhsil, mədəniyyət, neft sənayesinin inkişafı haqqında mühüm qərarlar qəbul etdiyini və ölkənin ərazi bütövlüyünü təmin etdiyini bildirib. Tədqiqatçı alim Teyyub Qəni Xalq Cümhuriyyətinin qurucularına müsair Azərbaycanda rəsmi səviyyədə biganəlik olduğunu deyib. Onun sözlərinə görə, cümhuriyyət rəhbərlərindən birinin belə paytaxtda abidəsi qoyulmayıb. Məmməd Əmin Rəsulzadəninin nəvəsi Rais Rəsulzadə ölkə rəhbərlərini babasının irsinə hörmətələ yanaşmağa dəvət edib. Onun firknicə, Rəsulzadə ideyalarını kommunsit rejimi belə xalqın qəlbindən çıxara bilməyib. «Müsavat» başqanı İsa Qəmbər çıxışını hökumətin tənqidinə həsr edib. O ilk öncə dünyada yaşayan bütün azərbaycanlıları, o cümldən Cənubi Azərbaycanda mədəni hüquqları uğrunda mübarizə aparan azərbaycanlıları təbrik edib. Cənab Qəmbər xalqın indiki ağır vəziyyətində ölkədə Məmməd Əmitn Rəsulzadənin deyil, Heydər Əliyevin heykəllərinin qoyulmasını məqsədəuyğun hesab edir. «Müsavat» başqanı hakimyyəti «qansız və qəddar» adlandırıb. Onun fikrincə, hazırki iqtildarın sonuna az qalıb. İqtidarda olan «Yeni Azərbaycan» partiyası Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə cənab Qəmbərin dediklərini yersiz adlandırıb. O «Amerikanın səsi» radiosuna hazırki iqtidarın ölkədə stabillik və bolluq yaratdığını deyib.

XS
SM
MD
LG