Accessibility links

Xələf Xələfov: «Tehran Sammiti Xəzərin hüquqi statusu üzrə danışıqları yeni mərhələyə çıxarıb»


Xəzəryanı ölkələrin dövlət başçılarının Tehran Sammitinin çox böyük əhəmiyyəti var. Sammitin danışıqlar prosesinin davam etdirilməsi, problemlərin həlli, açıq qalmış məsələlərin razılaşdırılması yollarının axtarılması, araşdırılması, ümumi yanaşmaların müəyyən edilməsi, mövqelərin yaxınlaşdırılmasını təmin edəcək üsulların axtarılması baxımından böyük əhəmiyəti olub. Bu barədə xarici işlər naziri Xələf Xələfov «Amerikanın səsi» radiosuna müsahibəsində bildirib. Onun sözlərinə görə, dövlət başçılarının Sammiti Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə danışıqları yeni mərhələyə çıxarıb. "Sammit ümumi razılaşdırmalar üçün çox əhəmiyyətli təkan verib, danışıqları inkişaf etdirmək üçün yeni mexanizmlər yaradıb. Yəni dövlət başçılarının Sammitlərinin, xarici işlər nazirlərinin görüşlərinin mütəmadi keçirilməsi, ayrı-ayrı məsələlərin müzakirəsi üçün format və mexanizmlərin müəyyən olunması danışıqlar prosesi üçün çox əhəmiyyətli vasitədir. Bunlar isə gələcəkdə ümumi razılaşdırmalara xidmət edəcək". Nazir müavininin fikrincə, Sammitdə ilk dəfə olaraq, Xəzərin hüquqi statsuna aid bütün problemləri əhatə edən siyasi sənəd qəbul edilib. "Siyasi sənəddə statusu irəli aparacaq ümumi istiqamətlər müəyyən olunub və bu, bütün sahil dövlətləri tərəfindən qəbul edilib. Eyni zamanda, Xəzərin statusunun ümumi konsepsiyası qəbul edilib. Konsepsiyada Xəzərin dibinin bölünməsini, su səthində ayrı-ayrı rejimlərin-suverenlik, yurisdiksiya rejimlərinin müəyyən olunması məsələlərini, statusun digər aspektlərini təşkil edən məsələlər və bunların razılaşdırılması istiqamətində əsas üsullar müəyyən olunub", - deyə o qeyd edib.
XS
SM
MD
LG