Accessibility links

İsa Qəmbər: Avtoritar rejimlər dünyanın praqmatik maraqlarına ciddi təhlükədir


Müxalifətdə olan “Müsavat” partiyasının başqanı İsa Qəmbər bu il martın 18-də Azərbaycan konstitusiyasına ediləcək dəyişikliklərlə bağlı keçiriləcək referendum barədə “Amerikanın səsi” radiosuna müsahibə verib. Müsahibədə müxalifət qüvvələrinin, ziyalıların, qeyri - hökumət tə

təşkilatlarının birləşdiyi “Qarabağ və Respublika Uğrunda” Vətəndaş Hərəkatı, qərb institutlarının reaksiyalarına münasibət bildirilir. Müsahibəni təqdim edirik:

Sual: “Qarabağ və Respublika Uğrunda” Vətəndaş Hərəkatının əsas məqsədi nədir?

Cavab: Bu hərəkata siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, media strukturlarının, ayrı-ayrı ziyalıların daxil olacağı nəzərdə tutulur. Hərəkatın konkret hədəfi nəzərdə tutulan referendumla bağlıdır. Bu, referendumda demokratik ictimaiyyətin mövqeyinin ümumiləşdirilməsi, formalaşması, bu mövqeyin təqdim edilməsi və diqtə etdiyi addımların reallaşdırılmasıdır.

Sual: Fikrinizcə bu hərəkat iqtidarın təşviqatına qarşı təşviqat qoya biləcəkmi? Ümumilikdə vətəndaşları referenduma qarşı hazırlaya biləcəkmi?

Cavab: Bizim bu antidemokratik dəyişikliklərə etiraz etməyimizin özü artıq faktdır və hakimiyyəti ciddi təşvişə salıb. Hakimiyyət çox ciddi qorxu və narahatçılıq içindədir. Biz isə istənilən halda mövqeyimizi xalqa çatdıracağıq və bu mövqeyin geniş şəkildə təbliğinə çalışacağıq. Hesab edirəm ki, hakimiyyətin bütün maneələrinə, demokratik ictimaiyyətin resurslarının məhdudluğuna baxmayaraq mövqeyimizi müdafiə edə biləcəyik, çünki xalqın əksəriyyətinin mövqeyi ilə üst-üstə düşür. Onsuz da vəziyyətdən narazı olan cəmiyyət Əliyev rejiminin öz ömrünü az qala daimi etmək cəhdlərindən çox narazıdır və bunu həddən artıq yersiz təşəbbüs hesab edir. Bu baxımdan mövqeyimiz cəmiyyətin mövqeyi ilə üst-üstə düşür və məhz buna görə, mövqeyimizi təbliğ etməyimiz o qədər də çətin olmayacaq.

Sual: Kütləvi tədbirlər planlaşdırılırmı?

Cavab: Kütləvi tədbirlər təbii ki, nəzərdə tutulur. Çünki seçki və referendumlarda kütləvi tədbirlər ayrılmaz bir atributdur. Sadəcə indiki anda təşəbbüs qrupunun formalaşdırılması, təşviqat qrupunun yaradılması, Mərkəzi Seçki Komissiyasından imza toplamaq üçün vərəqlərin alınması aktual olduğundan kütləvi tədbirlərin keçirilməsi və təşkili ilə bağlı yaxın zamanda qərarlar qəbul ediləcək.

Sual: Qərb institutlarının, qərb dövlətlərinin referendumla bağlı qoyulan suallara reaksiyasına münasibətiniz necədir?

Cavab: Mənə elə gəlir ki, bu sualları onların özlərinə tez-tez versəniz daha yaxşı olar, nəinki bizim tez-tez qiymət verməyimiz. Biz qərbin, azad dünyanın istər geopolitik, istər iqtisadi, istərsə də təhlükəsizliklə bağlı problemlərini, narahatlıqlarını, bəzən real siyasət çərçivəsində hərəkət etmək zərurətini başa düşürük. Hesab edirik ki, artıq bu avtoritar rejimlərin, Rusiya avtoritar rejimi, - Putin-Medvedyev avtoritar rejimi başda olmaqla, - avtoritar rejimlərin azğınlaşması o həddə gəlib ki, təkcə demokratiya ideallarına yox, azad dünyanın və bütövlükdə dünyanın praqmatik maraqlarına da ciddi təhlükədir. Rusiyanın Gürcüstana təcavüzü, son günlərdə Ukraynanı və Avropanı qaz məsələsində şantaj etməsi əslində azad dünyanın avtoritar rejimlərə loyal münasibətinin məntiqi nəticəsidir. Bu baxımdan hesab edirəm ki, azad dünya, beynəlxalq təşkilatlar situasiyanın təhlilinə yenidən, bir daha baxmalıdır. Müəyyən müsbət tendensiyaları da müşahidə edirik. ABŞ-ın, Avropa Birliyinin Cənubi Qafqazla bağlı təşəbbüsləri, Şərq Əməkdaşlıq Proqramının təqdim edilməsi kimi müsbət məqamları da görürük. Bilirik ki, bu çox ciddi və uzun müddətli strateji bir mövqeyin ifadəsidir. Ancaq konkret situasiyada azad dünyanın avtoritar rejimlərə münasibəti bu qədər loyal olmamalıdır.

Öz növbəsində, iqtidarda olan “Yeni Azərbaycan” partiyası deyilənləri qəbul etmir. YAP icra katibinin müavini Mübariz Qurbanlı hesab edir ki, “Qarabağ və Respublika Uğrunda” Vətəndaş Hərəkatı yaratmağın mənası yoxdur. Müxalifət belə pafoslu ada müraciət etməklə cəmiyyətə varlığını sübut etmək istəyir. Əslində isə, belə deyil və müxalifətin birləşə biləcəyi gülüş doğurur. “Bu hərəkatın yaradılmasına və bu cür adlandırılmasına lüzum yox idi. Qarabağ uğrunda mübarizə ümumxalq işidir və bu mübarizənin aparıcı qüvvəsi hakimiyyətdir, YAP-dır. Müxalifətin Qarabağla bağlı mübarizə aparmağa potensialı da yoxdur. Respublika uğrunda guya, nə isə mübarizə aparırlarsa, bu cür çıxış etməyin özü gülüşdür. Çünki Azərbaycanın dövlət idarəetmə quruluşu respublika quruluşudur” - deyə o qeyd edib.


XS
SM
MD
LG