Azərbaycanda 2005-ci ilin siyasi yekunları necə qiymətləndirilir. Bu suala cavab axtarmaq məqsədilə iqtidar və müxalifət partiyalarının rəhbərlərinə və eyni zamanda sadə insanlara müraciət etmişik.
İqtidarda olan YAP sədrinin müavini Əli Əhmədov 2005-ci ilin uğurlu olduğunu bildirir. Cənab Əhmədovun sözlərinə görə, 2005-ci ildə Azərbaycan prezidentinin seçikqabağı vədləri uğurla həyata keçirilib və YAP parlament seçkilərində qələbə qazanıb.
Müxalifət 2005-ci ili siyasi islahatlar və demokratiya yolunda itirilmiş il adlandırır. AXCP sədri Əli Kərimli hesab edir ki, bu dəfə də iqtidar seçkilərin nəticələrini saxtalaşdırıb.
Həm iqtidar, həm də müxalifət 2005-ci ildə müxtəlif problemlərin mövcudlüğünü bildirir. Ə.Əhmədovun fikrincə, iqtidar üçün bu problem hakimiyyətin zorla devrilməsinə cəhddir.
AXCP sədri Əli Kərimli isə ilin əsas problemi kimi seçki və Ermənistan-Azərbaycan münaqişəsində irəliləyişin qeydə alınmamasını görür.
İqtidar və müxalifətin 2006-cı ilin gözlənilən siyasi perspektivlərinə də əks bucaq altından baxır. Onlar Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı da fərqli fikrə malikdir. Müxalifət hesab edir ki, yeni ildə seçkilərin saxta nəticələrinin ləğvinə və yeni parlament seçkilərinin təyin edilməsinə nail olacaq.
YAP sədrinin müavini 2006-cı ildə iqtidarın münaqişə ilə bağlı ciddi addım atacağına və iqtidar-müxalifət münasibətlərində yeniliklər olacağına ümid edir.
Sadə insanlar isə 2005-ci ilin əsas siyasi yekunları ilə bağlı sualımı birmənalı qarşılamayıb. Sorğuda iştirak edənlərin çoxu bu ilin siyasi yekunlarını heç də müsbət kimi qəbul etmir.