Accessibility links

'Freedom House'-un hesabatına Azərbaycandan reaksiyalar


Freedom House beynəlxalq hüquq müdafiə təşkilatı Azərbaycanı “azad olmayan ölkə” elan edib. Təşkilatın illik hesabatına görə, Azərbaycan azadlıqlar sahəsində təkcə yaxın qonşuları - qismən azad ölkə kimi tanınmış Gürcüstan və Ermənistandan deyil, hətta Dağlıq Qarabağ regionundan da geridə qalıb.

Hesabat Azərbaycanda birmənalı qarşılanmayıb. Hüquq müdafiəçiləri, jurnalist təşkilatları, müxalif siyasi partiyalar sənədi real, iqtidar isə ikili standartlı adlandırır. Hüquq müdafiəçisi Leyla Yunus hesab edir ki, Azərbaycan həqiqətən qeyri azad ölkədir və vəziyyət pisləşməkdə davam edir. Konstitusiyaya nəzərdə tutulan dəyişikliklər azadlıqları bir daha məhdudlaşdırmağa yönəlib.

YAP üzvü, Milli Məclisin İnsan Haqları daimi komissiyasının sədr müavini Yevda Abramov hesabatı real saymır. Onun fikrincə, belə sənədlər Azərbaycana təzyiq məqsədi güdür və ölkə demokratik azadlıqlar sahəsində daim irəliləməkdədir.

Müxalifətdə olan siyasi partiyalar isə ölkədə azadlıqlar sahəsində vəziyyəti acınacaqlı qiymətləndirir. AXCP sədri Əli Kərimlinin fikrincə,insanların fundamental azadlıqlarını reallaşdırmağa belə imkanları yoxdur.

Bununla belə, cənab Kərimli Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ regionun qismən azad region kateqoriyasına aid edilməsini real saymır. Onun fikrincə, hərbi rejim olan yerdə azadlıqdan danışmaq əbəsdir.

Jurnalist təşkilatları isə söz və mətbuat azadlığı sahəsində geriləmələrin davam etdiyini deyir. Reportyorların Azadlığı və Təhlükəsizliyi institutunun direktoru Emin Hüseyn misal kimi son olaraq xarici radioların yerli tezliklərdə yayımının dayandırılmasını və konstitusiyaya təklif edilən dəyişiklikləri göstərir. O 2008-ci ili söz və mətbuat azadlığı sahəsində itirilmiş il adlandırır.


XS
SM
MD
LG