Accessibility links

Enn Dersi: Ümid edirik ki, bu hallara  Azərbaycan hökuməti dərhal müdaxilə edəcək 


ABŞ demokratikləşmə sahəsində daim Azərbaycanın tərəfdaşı olub və bu tərəfdaşlığı davam etdirmək niyyətindədir. Amerika Azərbaycanda demokratiyanın və həqiqətən müstəqil olan təchizatların, azad və müstəqil məhkəmə sisteminin inkişafına təkan verəcək. ABŞ Azərbaycan hökuməti və vətəndaş cəmiyyəti ilə birgə səylərini cəmləşdirəcək ki, hər bir vətəndaş malik olduğu hüquqlardan bəhrələnə bilsin”. Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi jurnalistlərə bildirib.

Səfir müxtəlif insanların konstitusiya dəyişikliyinə münasibət bildirməsi ilə bağlı ona suallar ünvanladığını deyib. “Konstitusiyaya əlavə və dəyişikliklərin tətbiqi məsələsi Azərbaycan xalqının qərarıdır. Buna görə də mən bu dəyişikliklərin mənası barədə şərh vermək istəmirəm. Sadəcə olaraq dəyişikliklərin tətbiqinin həyata keçirilməsi prosesinin insan haqlarına və ATƏT-in tövsiyələrinə uyğun gəlib-gəlməməsi bizi maraqlandırır. Azərbaycan vətəndaşı qərarını verməmişdən öncə, güclü və mütəhərrik müzakirələrin müşahidəçisi olmalıdır. Bu baxımdan azad media vacib rol oynayır”.

Xanım Dersi eyni zamanda, insanların toplaşmasına rəsmilərin müdaxiləsi barədə məlumatların olduğunu da diqqətə çatdırıb. “Ümid edirik ki, bu hallara Azərbaycan hökuməti dərhal müdaxilə edəcək”-deyə o qeyd edib.

Səfir Sülh və Demokratiya institutunun direktoru Leyla Yunusa qarşı daxili işlər nazirinin “polisi təhqir etmə” iddiasına da münasibət bildirib. “Hazırda məhkəmə icraatında olan işin məzmunu barədə danışmaq istəməzdim. Sadəcə bir sual qaldırıram. Belə bir işə nə üçün məhkəmə tərəfindən baxılır? Bu sual həm demokratiya, həm də insan haqları prinsiplərindən qaynaqlanır. Hər bir Azərbaycan vətəndaşı öz demokratik hüquqlarından faydalanmalıdır. Xanım Leyla Yunus da bu hüquqdan faydalanmalıdır. Əsl demokratiya şəraitində hər bir insan hökumətinə suallar verə bilər, hökumətinin fəaliyyətini tənqid edə bilər. Həqiqi demokratik cəmiyyətdə hökumət vətəndaşları qarşısında məsuliyyət və cavabdehlik daşıyır” - deyə o qeyd edib.

XS
SM
MD
LG