Accessibility links

ABŞ səfiri “Azadlıq” qəzetinin baş redaktorunun ailəsinə baş çəkib, jurnalistlərin aclığı davam edir   


Bu gün ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi “Azadlıq” qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahidin ailəsinə baş çəkib. Səfir baş redaktorun ailəsinə bayram payı da aparıb. “Novruz” yeni başlanğıc, sülh və barışıq vaxtıdır. Bilirəm ki, bu il Novruz bu ailə üçün xoşbəxt vaxta təsadüf etməyib. Bunun üçün də ailəyə gəlmək və rəğbətimi bildirmək üçün ehtiyac duydum. Azərbaycanın demokratik inkişafı üçün jurnalistlərin oynadığı rolun nə dərəcədə şərəfli və əhəmiyyətli olduğunu vurğulamağa ehtiyac duydum”. ABŞ hesab edir ki, jurnalistlərə qarşı təzyiq və təqiblər yolverilməzdir və bunun qarşısı alınmalıdır. “Jurnalistlər işlərinə görə həbs edilməməlidir. Hesab edirik ki, bir çox azərbaycanlıların da çağırdığı kimi hökumət, mətbuat və vətəndaş cəmiyyətinin bir araya gəlib, müstəqil və müxalifət mətbuatı üçün yaranmış təzyiq, təqib və qorxu mühitinin müzakirə edilib aradan qaldırılması, mətbuatın inkişafı üçün mexanizmın axtarılıb tapılmasının vaxtı yetişib. Bu isə onun üçündür ki, Azərbaycanda həqiqətən müstəqil, səriştəli və obyektiv jurnalistikanın inkişafına mühit yaransın. Jurnalistlərin işi də mühümdür ki, onlardan hər hansı siyasi məqsədlər üçün istifadə edilməsin, etik jurnalistikanın standartları yüksəldilsin. Həqiqi, müstəqil və obyektiv jurnalistika olmadan demokratiya ola bilməz”. Jurnalistin həyat yoldaşı Ayəndə xanım ABŞ-ın və beynəlxaıq təşkilatların mətbuat sahəsindəki problemlərin aradan qaldırılması, təqiblərə son qoyulması, jurnalistlərin həbsdən azad edilməsi ilə bağlı bəyanatlarının rəsmi hakimiyyətə təsirinin olmadığını diqqətə çatdırıb. Daha təsirli tədbirlərin gündəmə gətirilməsinin vacibliyini deyib. Xanım Dersi isə son iki ildə KİV sahəsində geriləmələrin müşahidə edildiyini bildirib. O eyni zamanda, ABŞ-ın fərqli səsləri dəstəkləməkdə davam edəcəyini deyib. “Jurnalistlərə qarşı təzyiqlər, jurnalistlərin qətli - Elmar Hüseynovun qətlə yetirilib, jurnalistlərin bıçaqlanması-Aqil Xəlil bıçaqlanıb, - qəbuledilməzdir. Demokratiyanın səsini boğmağa yönəlmiş bu cür təzyiq və təqiblərə son qoyulmalıdır. Müxtəlif fikirlərin səslənməsi, bəlkə də ziddiyyətli fikirlərin səsləndirilməsi demokratiyanın bərqərar olması üçün çox vacibdir. O adamlar ki, jurnalistlərə əl qaldırır, jurnalistlərə təzyiq edir, onları bıçaqlayır, hücum edir, bu adamlar Azərbaycanın gələcəyinin əleyhinədir. Burada dediklərimi hökumətlə görüşlərimdə də qaldırıram. ABŞ, ATƏT, AŞ-sı Azərbaycanda fərqli fikirliliyi dəstəkləməkdə davam edəcək. Əgər çağırışlarımız eşidilməzsə, daha da gücləndirəcəyik. Lakin onu da bildirim ki, beynəlxalq təşkilatlar Azərbaycanı idarə etmir. Azərbaycanı azərbaycanlılar idarə edir”. Jurnalistlər isə ehtirazlarını aclıq etməklə diqqətə çatdırmaq istəyir. Belə ki, "Gündəlik Azərbaycan" qəzetinin baş redaktoru Eynulla Fətullayevin həbsxanada başladığı aclıq aksiyası genişlənir. Bu gün aksiyaya bir qrup siyasi məhbus və jurnalistlər qoşulub: Azərbaycanın ilk milli qəhrəmanlarından olan Rasim Əkbərov, "Yeni Fikir" Gənclər Təşkilatının sədri Ruslan Bəşirli, keçmiş polis rəisi Müşfiq Mədətov, eyni zamanda, daha 3 jurnalist aksiyaya qoşulub. "Gündəlik Azərbaycan" qəzetinin şef redaktoru Şahvələd Çobanoğlu bildirib ki, sabahdan daha 6 jurnalist aksiyaya qoşulacaq. Onun sözlərinə görə, aclıq aksiyası tez bir zamanda həbsdə olan çoxsaylı insanı da əhatə edəcək. Müxalifətdə olan siyasi partiyalar, qeyri-hökumət təşkilatları da jurnalistlərin tələblərini dəstəkləyir. “Müsavat” partiyasının başqanı İsa Qəmbər Eynulla Fətullayevin aclıq aksiyasına başlamasını çox böyük fədəkarlıq kimi qiymətləndirir. O özünün də aclıq aksiyasına qoşulacağını istisna etmir. İqtidarda olan “Yeni Azərbaycan” partiyasının icra katibinin müavini Mübariz Qurbanlı aclıq aksiyası ilə hüquq sisteminə və hökumətə təzyiq etməyin mümkün olmadığını bildirir.
XS
SM
MD
LG