Accessibility links

Novruz Məmmədov: Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə böyük təsir edə bilər



Azərbaycan Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun müsahibəsində Türkiyə - Ermənistan münasibətlərindəki son durum, bunun Azərbaycana təsirləri və Ermənistan –Azərbaycan münaqişəsi ilə bağlı məsələlərə toxunulub.
Sual: Türkiyə Xarici İşlər Nazirliyinin Ermənistanla diplomatik əlaqələrin normallaşdırılması ilə bağlı son bəyanatını necə qiymətləndirirsiniz? Türkiyə tərəfi Ermənistanla əlaqələrin normallaşmasının Azərbaycanın milli maraqlarına ziyan verməyəcəyini bildirir. Azərbaycan necə hesab edir?
Cavab: Bununla bağı, xarici işlər nazirliyi Azərbaycanın rəsmi mövqeyini bildirib. Əlbəttə hər bir dövlətin başqa dövlətlə münasibət qurması onun suveren hüququdur. Düşünürük ki, Türkiyə bu hüququnu həyata keçirməklə bərabər, eyni zamanda çox yaxşı başa düşürlər ki, bu məsələ Azərbaycanın milli maraqları ilə sıx bağlıdır. Hesab edirəm ki, Türkiyə hökuməti, Türkiyə rəhbərliyi münaqişə başlanan gündən indiyədək olan prosesləri nəzərə alacaq. Eyni zamanda, Türkiyə baş nazirinin bu ilin mayında Azərbaycanda verdiyi bəyanat, Türkiyə xarici işlər nazirinin bəyanatlarının mahiyyətindən belə başa düşürük ki, doğrudan da, Türkiyə proseslərin gedişində Azərbaycana verdiyi vədə əməl edəcək. Yəni, Türkiyə baş nazirinin dediyi kimi, əgər Ermənistan - Azərbaycan münaqişəsinə və işğala son qoyulmazsa Türkiyə Azərbaycana verdiyi vədə əməl edəcək, mövqeyindən bir addım da geri dönməyəcək. Biz dost, qardaş, strateji tərəfdaş və bir millət iki dövlətik. Münasibətlərimizin bütün sahələrdə ruhu bundan ibarətdir ki, biz Türkiyə tərəfinə, Türkiyə rəhbərlərinə, Türkiyənin indiki mövqeyinə inanmalıyıq. Mən də, inanmaq istəyirəm ki, münaqişə həll edilməyincə, münaqişənin həllində güclü irəliləyiş əldə edilməyincə Türkiyə addım atmayacaq.
Sual: Türkiyənin apardığı fəaliyyət Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesinə necə təsir edə bilər?
Cavab: Dünya birliyi Türkiyənin Ermənistanla birgə atdığı bu addımı hər tərəfdən təqdir edir. Bizim buna etirazımız yoxdur. Düşünürəm ki, Türkiyənin bu addımı münaqişənin həlli prosesinə çox böyük təsir edə bilər. Türkiyə baş naziri Azərbaycan parlamentində çıxışında qeyd etdi ki, Ermənistanla sərhədləri bu ölkənin Azərbaycan ərazilərini işğal etdiyinə görə bağlayıblar. Sərhədlərin bağlanmasının səbəbi budursa, nəticə də bununla bağlı olmalıdır. İnanırıq ki, proseslərin belə getməsinə baxmayaraq Türkiyə vədinə əməl edəcək. Çünki bu məsələni, Türkiyə parlamenti də təsdiq etməlidir. Ona görə də, məsələ parlamentin müzakirəsinə təqdim edilməmişdən öncə, Dağlıq Qarabağ münaqişəsinin həllində çox ciddi irəliləyiş əldə olunmalıdır ki, Türkiyənin baş nazirinin və rəhbərliyinin verdiyi vədə uyğun olaraq onlar, hazırda ortada olan sənədləri Böyük Millət Məclisinin təsdiq etməsi üçün təqdim etsinlər.
Sual: Türkiyənin xarici işlər naziri NTV televiziyasına müsahibəsində bildirib ki, Türkiyənin baş naziri BMT Baş Assambleyasında da məsələni müzakirəyə çıxaracaq. Nazir Dağlıq Qarabağ münaqişəsini həm də BMT-nin problemi adlandırıb. Cənab Davudoğlu deyib ki, “biz Qafqazda sülhün bərqərar olması məsələsinin BMT-nin gündəliyində olmasına və hər zaman izlənməsinə önəm veririk” . Azərbaycan necə hesab edir? Ermənistan-Türkiyə sərhədlərinin açılması və Dağlıq Qarabağ münaqişəsi bir kontekstdə həll edilə bilərmi?
Cavab: Əlbəttə, prinsip etibarı ilə bu problemlər bir kontekstdə də, bir qədər ayrı-ayrı da həll edilə bilər. Amma bunlar bir-biri ilə birbaşa bağlıdır. Yəni Türkiyə-Ermənistan sərhədlərinin bağlanması birbaşa Ermənistanın Silahlı Qüvvələrinin Azərbaycanın ərazilərini işğal etməsi ilə bağlıdır və proses indi də davam edir. Bu məsələ eyni zamanda, BMT-nin və BMT TŞ-nin qarşısında duran birinci məsələlərdəndir və belə də olmalıdır. Burada ATƏT-lə BMT əməkdaşlıq edir. Türkiyə də məsələni Təhlükəsizlik Şurasının üzvü kimi gündəliyə çıxara bilər. Amma ondan əvvəl, Azərbaycanın təklifi ilə məsələ BMT bu ilin sentyabrında keçiriləcək Assambleyasının gündəliyinə salınıb. Türkiyənin məsələni Azərbaycanın yaxın dostu kimi gündəliyə təqdim etməsinin də böyük əhəmiyyəti var. Münaqişənin həlli həm də dünya birliyinin qarşısında duran vacib məsələdir. Çünki, münaqişə ilə bağlı Təhlükəsizlik Şurasının 4 qətnaməsi artıq 17 ildir qəbul edilib, ancaq üzv dövlətlər onun həlli ilə bağlı konkret bir addım atmayıb. Bu nöqteyi-nəzərdən BMT-nin məsələni müzakirə edib qərar və ya qətnamə qəbul etməsinə Azərbaycan mühüm əhəmiyyət verir.
Sual: Ermənistan son addımları diplomatik qələbəsi kimi qiymətləndirib. Azərbaycan necə hesab edir? Ermənistan rəhbərliyi indiyədək mövqeyindən geri çəkilməsi ilə bağlı hər hansı bəyanatla çıxış etməyib. Belə ki, Ermənistan nə Türkiyəyə qarşı ərazi iddialarından geri çəkildiyini, nə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, nə də soyqırım iddialarından əl çəkdiyini bəyan etməyib. Belə halda münasibətlərdə irəliləyişin olacağına nə qədər ümid edirsiniz?
Cavab: Türkiyə - Ermənistan sərhədlərinin açılması münaqişənin nəticələri nəzərə alınmadan baş verərsə, Azərbaycanın milli maraqlarına birbaşa ziddir və Azərbaycan tərəfindən qəbul edilməyəcək. Ermənistan rəhbərlərinin bəyanatları ilə bağlı isə demək istəyirəm ki, cücəni payızda sayarlar. Ermənistan düşünməsin ki, Türkiyə rəhbərləri sadəcə olaraq onların manevrlərinə inanacaq, Ermənistan iddialarından əl çəkməyəcək və Türkiyə rəhbərliyinin işi onların qayğısına qalmaq olacaq.
Sual: Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barədə razılıq əldə edilibmi?
Cavab: Yəqin ki, bu ilin sonunadək prezidentlərin görüşü ola bilər. Ancaq harada və nə vaxt olacağı barədə bu gün bir söz demək mümkün deyil.


XS
SM
MD
LG