Accessibility links

Bir qrup Hindistan vətəndaşı Ukraynaya qarşı döyüşmək üçün aldadıldıqlarını bildiriblər


Yeddi Hindistan vətəndaşı Ukraynaya qarşı döyüşmək üçün aldadıldıqlarını bildirən videomüraciət ünvanlayıblar. Videonu NDTV-nin Hindistan nəşrinin jurnalisti Uma Sudhir Twitter-də yerləşdirib.

Onların sözlərinə görə, onlar Rusiyaya 2023-cü ilin dekabr ayının sonunda turist kimi gəliblər. Bundan sonra bir turizm agenti onları Belarusa səfər etməyi təklif edib və onlar razılaşıblar. "Biz bilmirdik ki, vizaya ehtiyacımız var. Biz Belarusa gələndə agent bizdən pul istədi və sonra yoxa çıxdı" – deyə, kişilərdən biri deyir.

Hindistan vətəndaşları Belarusa gəldikdən sonra polis tərəfindən saxlanılıb. Turistlər daha sonra Rusiya hakimiyyət orqanlarına təhvil verilib və onları sənədləri rus dilində imzalamağa məcbur ediblər. Həmin şəxslər sənədlərin mətnini tərcümə edə bilməsələr də, imzalarını atıblar.

Bundan sonra, NDTV-nin məlumatına görə, Hindistan vətəndaşları 15 gün hərbi təlim keçiblər və daha sonra “döyüşlər olan yerə” göndəriliblər. NDTV-nin məlumatına görə, həmin şəxslərə hərbi xidmətə alternativin 10 il həbs cəzası ola biləcəyi bildirilib. Video mesaj yayımlayan Sudhir yazır ki, onlar “istənilən vaxt döyüş əməliyyatlarında iştirak etmək üçün göndərilə bilərlər”.

2024-cü ilin fevralında Hindistan hakimiyyəti Rusiya ordusunda ilişib qalan 20-yə yaxın ölkə vətəndaşını evlərinə qaytarmağa çalışdıqlarını açıqlamışdı. AFP yazır ki, onlar Rusiyaya “ordu köməkçiləri” kimi düşə bilərdilər. The Moscow Times-ın məlumatına görə, bir neçə Hindistan vətəndaşına dağılmış binaların təmizləyicisi kimi işləmək təklif edilib, lakin onlar gəldikdən sonra onlara “silah verilib”.

Forum

XS
SM
MD
LG