Accessibility links

Yüzlərlə əfqanıstanlı gənc Avropaya keçmək ümidi ilə təhlükəli yollar seçir


Yüzlərlə əfqanıstanlı gənc Avropaya keçmək ümidi ilə İrana təhlükəli səyahəti seçir. Onlar Əfqanıstanda iş olmadığı üçün qaçdıqlarını deyirlər.

Əfqanıstanın paytaxtı Kabildə sıx bir avtovağzalda yüzlərlə gənc əfqan həm İran, həm də Pakistanla həmsərhəd olan qərbdəki Nimroz vilayətinə gedən avtobuslara minir. Onlar oradan Avropaya keçmək ümidi ilə təhlükəli səfərlərə çıxır.

Onların arasında Kabil Universitetinin məzunu Nagibulla da var. O, İran, İraq və Türkiyədən Avropaya keçməyə ümid edir. Əvvəllər müəllim və fotoqraf olan Nagibulla indi maliyyə çətinlikləri səbəbindən xaricdə daha yaxşı gələcək axtarır. "Hazırda iş yoxdur. İnsanlar dəhşətli şəraitdə yaşayır. Əgər insanlar dəhşətli şəraitdə yaşayırlarsa, heç bir iş - istər dükan, istər tədris mərkəzləri, istərsə də fotostudiyalar gəlir gətirə bilməz".

2021-ci ildə Talibanın Əfqanıstanı ələ keçirməsindən sonra saysız-hesabsız insan işini və biznesini itirdiyi üçün ölkə iqtisadi böhranla üzləşib.

Şimal vilayətlərinin gəncləri öz perspektivlərini yaxşılaşdırmaq üçün Əfqanıstandan İrana, oradan da Avropaya getmək məqsədi ilə Kabildəki avtovağzala axışır. Kunduz sakini İdris: "Burada, Əfqanıstanda iş yoxdur. Mən İrana, oradan da Türkiyəyə getmək istəyirəm. Türkiyədən Almaniyaya və ya Avropanın başqa ölkəsinə keçmək istəyirəm".

Səyahət agentliklərinin məlumatına görə, hər gün onlarla avtobus Kabildən Nimroza yola düşür. Onlar əsasən gənc əfqanları daşıyır. Şahin Şah: "Hər gün buradan 80-90 avtobus gedir. Hətta bir neçə gün əvvəl 120 avtobus yola düşdü və bu avtobusların 80 faizi Nimruza gedir. Bütün bu insanlar qeyri-qanuni yollarla İran və Pakistana getmək, oradan isə kənara çıxmaq istəyir".

BMT-nin məlumatına görə, Taliban iki il əvvəl nəzarəti əlinə aldıqdan sonra bir milyonu İrana olmaqla, 1,6 milyondan çox əfqan qonşu ölkələrə qaçıb.

Forum

XS
SM
MD
LG