Accessibility links

ABŞ qanunvericiləri Kapitolidə təhlükəsizliyin pozulması ilə bağlı təhqiqata çağırır


Prezident Trampı dəstəkləyən bir qrup insanın ölkənin qanunvercilik qolunun binasına daxil olmasından sonra ABŞ qanunvericiləri Kapitolini qoruyan polis qüvvələri ilə bağlı istintaqın aparılmasına çağırıb, eyni zamanda onları tərifləyib.

İstintaqa yeni Konqresdə ABŞ Kapitolisinin polisinin büdcəsinə nəzarət edən alt komitələrə rəhbərlik edəcək iki Demokrat qanunverici çağırış edib.

“Çox sayda video olacaq, onların bəziləri narahatlıq doğuracaq, bəziləri isə qəhrəmanlıq göstərəcək. Biz Kapitolidə təhlükəsizliyin necə bu qədər tez pozulduğu ilə bağlı hərtərəfli təhqiqat aparmalıyıq,” senator Kris Mörfi deyib.

Konqresmen Tim Rayan çərşənbə günü Prezident Donald Trampın tərəfdarlarının onun məğlubiyyətini əsassız şəkildə rədd etməsini dəstəkləmək məqsədilə keçirdikləri mitinqlərdən öncə hazırlığın aparılmadığını bildirib.

"Fikrimcə açıq-aydındır ki, yaxında çox sayda insan işsiz qalacaq, çünki bu həm hücum edən kütlə, prezident, üsyan və çevriliş cəhdi, həm də gözlədiyimiz hadisələrə qarşı peşəkar hazırlığın olmaması səbəbilə xəcalətdir" o deyib.

Konqres üzvü İlhan Ömər əlavə edib ki, “Biz milli təhlükəsizliyə milyardlarla dollar pul xərcləyirik və bu gün ölkə paytaxtını qanunsuz kütlədən qoruya bilmədik. Bu, qəbuledilməzdir!”

Çərşənbə günü baş verən hadisələr Trampın günorta saat 12-də Ağ Evin cənubunda yerləşən Ellipse parkında çıxış etməsi ilə başlayıb. O, Konqres üzvləri seçki nəticələrini təsdiq etməyə hazırlaşdığı bir vaxt orada toplaşan kütləni seçki nəticələrinə etirazları davam etməyə çağırıb.

“Biz Pennsilvaniya prospektində yürüməyə davam edəcəyik...və biz Kapitoliya gedirik...biz Respublikaçılarımıza ölkəni geri almaq üçün ehtiyacları olan qürur və cəsarətlə təmin edəcəyik,” o deyib.

Gündüz saat 1:30 radələrində ABŞ Kapitolisinin polisi artıq Nümayəndələr Palatası və yaxındakı Konqres kitabxanasının binasındakı insanlara binaları tərk etmək göstərişi verirdi. Saat 2-dən bir az sonra “ABŞ Kapitoli binasının qərb hissəsində kənar təhlükənin olduğuna,” bundan qısa müddət sonra isə “binanın daxilində təhlükəyə”dair xəbərdarlıq verildi.

Qanunvericilər və onların işçilərinə gizlənmək, qapıları bağlamaq və pəncərələrdən uzaq durmaq göstərişi verildi.

Şəhərin Metropoliten Polis İdarəsinin rəisi Robert Konti deyib ki, Kapitoli polisi o zaman artıq yardım üçün onun idarəsinə müraciət edib.

Sosial media və televiziyada yayımlanan bəzi videolarda barikadaları aşan kütlənin Kapitoli Polis idarəsinin zabitlərindən sayca kifayət çox olduqları və onların qarşısını almağa çalışan polis zabitlərindən yan keçməkdə müvvəffəq olduqları göstərilir. İğtişaşçların bəziləri divarlara dırmanıb, binaya daxil olmaq üçün pəncələri sındırıb.

Nümayəndələr Palatası və Senatın üzvləri, o cümlədən səslərin təsdiqi prosesinə sədrlik edən Mayk Pens təxliyyə olunublar.

Kütlə binanın daxilində, o cümlədən Nümayəndələr Palatası Nensi Pelosinin ofisində saatlarla vaxt keçiriblər, qapıları, mebelləri əziblər.

Kapitoli polisi Milli Qvardiya və federal hüquq-mühafizə orqanlarının yardımı ilə axşam saat 6-da nəzarəti ələ keçirməkdə müvvəffəq olub. Polis bir qadını güllələyərək öldürüb, daha üç nəfər isə tibbi səbəblərdən həyatını itirib.

Metropoliten Polisi 52 nəfərin həbs olunduğunu, polis idarəsinin 14 zabitinin yaralandığını bildirib.

Vaşinqtonun meri Muriel Bouser axşam saat 6-dan başlayaraq komendant saatı tətbiq edib. Qanunvericilər axşam saat 9-da Kapitoliyə geri dönərək sertifikatlaşdırma prosesinə davam ediblər.

Respublikaçı senator Mitt Romni Kapitoli Polisinə, Federal Təhqiqat Bürosuna, Gizli Xidmətə və Milli Qvardiyaya təşəkkür tviti atıb və onları göstərdikləri “peşəkarlıq və cəsarətə” görə alqışlayıb.

Oreqonda Demokrat konqresmen Örl Blumenauer Kapitolinin “mədh edilməmiş qəhrəmanlarına” təşəkkür edib.

XS
SM
MD
LG